Avropa İttifaqı ukraynalı qaçqınların müvəqqəti müdafiəsi statusunu uzatmağa hazırlaşır
Brüssel, 22 avqust, AZƏRTAC
Avropa Komissiyası qüvvədə olma müddəti gələn ilin mart ayında başa çatacaq ukraynalı qaçqınların müvəqqəti müdafiəsi haqqında direktivin müddətini uzada bilər. Müvafiq çağırışlar artıq indi səsləndirilir və görünür ki, Aİ bu müraciətlərə müsbət cavab verəcək.
AZƏRTAC xəbər verir ki, müharibədən qaçan insanların özlərini daha təhlükəsiz hiss etmələri üçün Aİ daxili işlər nazirləri tərəfindən bu qərarın rəsmi olaraq qəbul edilməsi gözlənilir.
Bu günlərdə AFR-in bir neçə min bələdiyyəsini birləşdirən Alman Şəhərləri Assosiasiyası analoji çağırış ilə çıxış edib. Assosiasiyanın bəyanatında qeyd olunur ki, şəhərlərin Aİ direktivinin uzadılacağı və Ukraynadan olan qaçqınların yaşayış statusu ilə bağlı hüquqi müəyyənliyin yaradılacağına zəmanətə təcili ehtiyacı var. Bu yerlərdə işi əhəmiyyətli dərəcədə asanlaşdırardı.
Xatırladaq ki, ukraynalı qaçqınların müvəqqəti müdafiəsi haqqında direktiv Ukraynada müharibədən bir neçə gün sonra Aİ-də qüvvəyə minib. Sistem 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Balkanlardakı müharibələrdən sonra işlənib hazırlanıb. Onun məqsədi qaçqınların Aİ ərazisinə kütləvi axını zamanı sığınacaq təqdim etmə sistemlərinin həddindən artıq yüklənməsinin qarşısını almaq olub. Faktiki olaraq, müharibədən qaçan insanlar tez bir zamanda və bürokratik proseduralar olmadan yaşamaq üçün icazə alırlar.
Aİ-nin bir sıra dövlətlərinin immiqrasiya orqanlarının fikrincə, direktivin qüvvədə olma müddəti mart ayından əvvəl uzadılmalıdır. Məmurlar hesab edirlər ki, Aİ-də yaşayan qaçqınlar bu barədə artıq indidən məlumatlı olmalıdırlar. Məsələ ondadır ki, subsidiyalı mənzilə icazə almaq üçün ən azı bir il müddətinə olan yaşayış üçün icazə tələb olunur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel