AVROPA İTTİFAQININ ŞƏRQ SƏRHƏDLƏRİNDƏ HƏLL OLUNMAMIŞ MÜNAQİŞƏLƏR BU QİTƏNİN ÖZÜ ÜÇÜN TƏHLÜKƏ MƏNBƏYİDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da Böyük Britaniyanın Bornmut şəhərində Liberal Demokrat Partiyasının illik qurultayı çərçivəsində “Münaqişələrin həllində Avropa İttifaqının rolu” mövzusunda tədbir keçirilmişdir.
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyindən bildirmişlər ki, tədbirdə Liberal Demokratların Lordlar və Nümayəndələr palatalarındakı üzvləri, partiyanın Avropa Qrupunun təmsilçiləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Fəxrəddin Qurbanov “Azərbaycan-Avropa İttifaqı münasibətləri” mövzusunda çıxış edərək, Avratlantik strukturlara inteqrasiyanın ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirmişdir.
Səfir, eyni zamanda ölkəmizdə aparılan islahatlar haqqında da danışmış və Azərbaycanın regionun lider dövlətinə çevrildiyini bildirmişdir. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin Avropa Qonşuluq Siyasətinin Fəaliyyət Planı çərçivəsində tənzimləndiyini diqqətə çatdıran səfir planın uğurla davam etdirildiyini vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının regionda sülh və sabitliyə ən böyük təhdid olduğunu bildirən diplomat, problemin aradan qaldırılmasının regional inteqrasiyaya imkan yaradacağını qeyd etmişdir.
Tədbirdə çıxış edən lord Uollas və Kembric Universitetinin Beynəlxalq Tədqiqatlar Mərkəzi direktorunun müavini, doktor Culi Smit Avropa İttifaqının şərq sərhədlərində həll olunmamış münaqişələrin mövcudluğunun qitənin özü üçün təhlükə mənbəyi olduğunu və bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin də qısa zamanda həllinin vacibliyini vurğulamışlar.