Avropa Liqası: Səkkizdəbir final mərhələsinin cütlükləri müəyyənləşib
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Avropa Liqası yarışlarının səkkizdəbir final mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə kubok uğrunda mübarizəni davam etdirən 16 komandanın rəqibləri bəlli olub. Səkkizdəbir finaldan başlayaraq komandalar reytinqinə görə, səbətlərə bölünmür. Eyni ölkə təmsilçiləri və bir qrupdan çıxan komandaların artıq bir-birinə rəqib olması mümkündür.
İspaniyanın dörd, İngiltərənin üç, Almaniyanın iki, digər yeddi ölkənin hərəyə bir komandasının çıxış edəcəyi mərhələdə Türkiyəni “Fənərbağça” klubu təmsil edir. İstanbul klubunun rəqibi Portuqaliyanın “Braqa” komandası olub. Qardaş ölkə təmsilçisi martın 10-da doğma meydanda, bir həftə sonra isə “Braqa” ilə səfərdə üz-üzə gələcək. Püşk bu mərhələdə iki İspaniya klubu - “Atletik” və “Valensiya”nı da bir-birinə rəqib edib. Eyni aqibətlə İngiltərənin “Liverpul” və “Mançester Yunayted” klubları da qarşılaşıb.
Avropa Liqasının səkkizdəbir final mərhələsinin cütlükləri aşağıdakı kimdir:
“Şaxtyor” (Ukrayna) - “Anderlext” (Belçika)
“Bazel” (İsveçrə) - “Sevilya” (İspaniya)
“Vilyarreal” (İspaniya) - “Bayer” (Almaniya)
“Atletik” (İspaniya) - “Valensiya” (İspaniya)
“Liverpul” (İngiltərə) - “Mançester Yunayted” (İngiltərə)
“Sparta” (Çexiya) - “Latsio” (Italiya)
“Borussiya” (Dortmund, Almaniya) - “Tottenhem” (İngiltərə)
“Fənərbağça” (Türkiyə) - “Braqa” (Portuqaliya)
Qeyd edək ki, ilk görüşlər martın 10-da, cavab matçları isə bir həftə sonra oynanılacaq.