Avropa Mərkəzi Bankının rəhbəri: Qlobal iqtisadiyyat rəqib bloklara bölünür
Bakı, 17 noyabr, AZƏRTAC
Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard bildirib ki, hazırda qlobal iqtisadiyyatın rəqib bloklara bölünməsi prosesi gedir.
AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, AMB-nin rəhbəri hazırda Avropanın kritik qovşaqda olduğunu, de-qloballaşma, demoqrafiya və karbonsuzlaşma kimi ciddi problemlərlə qarşılaşdığını deyib. Onun sözlərinə görə, bu problemlərin həlli uzun illər boyu davam edəcək səylər və böyük sərmayələr tələb edir.
K.Laqard Avropa Maliyyə Konqresindəki çıxışında bildirib ki, Avropa uzun müddətdir ki, gözlənilən demoqrafik problemlə üz-üzədir. Belə ki, 15-64 yaş arası əhalinin sayında 2025-ci ildən başlayaraq davamlı azalma olacaq. Bundan başqa, yeni ticarət əngəlləri fonunda tədarük zəncirinin təkrar dəyərləndirilməsi, daha etibarlı və coğrafi baxımdan yaxın ərazilərə sərmayə qoyulması lazımdır. Avropa Komissiyası yaşıl iqtisadiyyata keçid məqsədilə 2030-cu ilədək hər il 620 milyard avro, rəqəmsal keçid üçün isə 125 milyard avro əlavə vəsait ayırmalıdır.
AMB-nin rəhbəri Avropa sərmayəsinin də parçalanmış vəziyyətdə olmasına diqqət çəkib. O vurğulayıb ki, hökumətlər II Dünya müharibəsindən sonra ən yüksək borc səviyyəsinə malikdir və belə olan şəraitdə banklar maliyyə inteqrasiyası prosesində daha fəal olmalıdır. Eyni zamanda, Avropanın səhm bazarı ABŞ-da olduğundan üç dəfə kiçikdir, həmçinin Aİ sərmayələrin həcminə görə də Birləşmiş Ştatlardan geridə qalır.
K.Laqard bildirib ki, Avropadakı startaplar ABŞ ilə müqayisədə 50 faizdən də az sərmayə alır. Onun sözlərinə görə, belə ağır maliyyə vəziyyətində Aİ-yə üzv dövlətlərin birgə hərəkət etməsinin vaxtı çatıb.