DÜNYA
Avropa Parlamentinə seçkilər ərəfəsində siyasətçiləri daha çox qorxudan risklər
![Avropa Parlamentinə seçkilər ərəfəsində siyasətçiləri daha çox qorxudan risklər](/files/2024/1/1200x630/17122133493333465243_1200x630.jpg)
Praqa, 4 aprel, AZƏRTAC
İyun ayında Avropa Parlamentinə seçkilər başlamazdan əvvəl Köhnə dünyadan olan siyasətçilər ilk növbədə nədən qorxmalı olduqları barədə qızğın müzakirələrlə məşğuldurlar.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının vitse-prezidenti, çexiyalı Avropa komissarı Vera Yourova kampaniyalar üçün üç potensial təhlükə görür. Bunlar - kiberhücumlar, xarici müdaxilələr və süni intellektdən sui-istifadədir. Bu barədə Avropa Komissiyasının nümayəndəsi Praqada jurnalistlərlə görüşdə bildirib.
Vera Yourova dezinformasiya və digər təhdid növləri ilə mübarizəyə həsr olunmuş Avropa şəhərlərinə turunu davam etdirir. Praqa Avropa komissarının beşinci dayanacağıdır. Vera Yourova indiyədək Finlandiya, İtaliya, Avstriya və Polşada olub.
Onun sözlərinə görə, seçki kampaniyaları üçün ən əsas xüsusi təhlükə kiberhücumlardır. Avropa Komissiyası uzun müddətdir ki, kritik infrastruktura, o cümlədən seçki infrastrukturuna mümkün hücumlar barədə xəbərdarlıq edib. Çexiyalı Avropa komissarının sözlərinə görə, bu halda ekspert təşkilatları və kiberhücumlardan müdafiə sistemi üçün kifayət qədər maliyyə ayrılması mühüm rol oynayır. Vera Yourovanın sözlərinə görə, Çexiyada bu məsələdə vəziyyət yaxşıdır.
İkinci risk xaricdə yaradılan və Avropada müttəfiqlər tapan dezinformasiyadır. Avropa komissarının sözlərinə görə, xarici təsir və hücumlarla Xarici İşlər və Müdafiə departamentləri məşğul olmalıdır. Aİ güclü dezinformasiya kampaniyasının ilkin əlamətlərini aşkar edən kimi bir ölkənin digər dövlətləri məlumatlandırmalı olduğu erkən xəbərdarlıq sistemi yaradıb. “Bu aspekti qiymətləndirməmək olmaz, çünki dezinformasiya müəyyən ölkələrin hərbi alətləri siyahısına daxildir. Bu, hibrid təhlükədir, məqsədi Aİ-yə üzv dövlətlərin vətəndaşlarını siyasətçilərə qarşı qoymaq, məsələn, Ukraynanı dəstəkləməyi dayandırmaq üçün onlara təzyiq etməkdir”, - deyə Yourova bildirib.
Üçüncü təhlükə süni intellektdən sui-istifadə - “deep fake” adlanan amildir. Çox vaxt bu vasitə ilə yayılan saxta videoları, səsləri və ya fotoşəkilləri real olanlardan ayırd etmək çətindir.