DÜNYA
Avropa parlamentinin tarixində irimiqyaslı korrupsiya faktı aşkarlanıb
Bakı, 13 dekabr, AZƏRTAC
Avropa Parlamentində (AP) bu günə kimi misli görünməmiş korrupsiya qalmaqalı baş verib. Həbs olunanlar ifadə verməyə başlayıblar.
AZƏRTAC xəbər verir ki, AP-nin sədr müavini xanım Yeva Kayl ilə yanaşı bir sıra deputatlar da həbs olunub. AP-nin vitse-spikeri mütəşəkkil cinayətkar dəstə yaratmaqda, rüşvət və korrupsiyada ittiham olunub.
Belçika məhkəməsi AP-nin keçmiş deputatı Pyer-Antonio Pantseri (İtaliya), Luka Vizantini (İtaliya) və digər məmurlar barəsində həbs qətimkan tədbiri seçib. Pyer-Antonio Pantserin həyat yoldaşı və qızı da həbs edilib. Hüquq-mühafizə orqanlarının Yeva Kaylın evində apardığı axtarış zamanı külli miqdarda pul aşkarlanıb.
Belçikanın Federal Prokurorluğu bildirib ki, AP-də strateji vəzifə tutanlar pul və qiymətli hədiyyələr alaraq qərarlar veriblər.
Nəzərə çatdıraq ki, bu fakt AP-də ilk korrupsiya qalmaqalı deyil, lakin miqyasına görə daha böyükdür.