AVROPA POLİS KONQRESİ BAŞA ÇATMIŞDIR
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik Baş İdarəsinin rəisi polis general-mayoru Cavanşir Məmmədov və ölkəmizin Almaniyadakı səfirliyinin əməkdaşları da Konqresin işində iştirak etmişlər.
Konqresin gündəliyinə Avropa Birliyinin ümumi təhlükəsizlik sisteminin qurulmasına dair ölkələrarası əməkdaşlıqda strateji vəzifələr, Aİ məkanı daxilində və sərhədləri xaricində təcavüzkar separatizm, beynəlxalq terrorizm kimi qlobal hədələrə qarşı birgə mübarizə, sərhədlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq əməkdaşlıq, hüquq mühafizə orqanları arasında qarşılıqlı səmərəli operativ məlumat mübadiləsi yaradılması məqsədi ilə çevik, ümumişlək müasir texniki telekommunikasiya sistemlərinin əlaqələndirilməsi, təkmilləşdirilmiş polis texnikasının üzlaşdırılması sahəsində səmərəli əməkdaşlığın yolları və digər aktual məsələlər ətrafında məruzələr dinlənilmiş, geniş fikir mübadiləsi aparılmışdır.
Forumda 2006-cı ilin yayında Almaniyada keçiriləcək futbol üzrə dünya çempionatı zamanı təhlükəsizliyin təmin edilməsi də diqqət mərkəzində olmuşdur. Almaniya federal polisinin AVROPOL və İNTERPOL ilə birgə fəaliyyət strategiyasının detalları təhlil olunmuşdur.
Azərbaycan nümayəndəsi Cavanşir Məmmədovun "Terrorizmlə mübarizə sahəsində əməkdaşlıq konsepsiyaları" və "Ölkənin kütləvi tədbirlərin keçirilməsi təcrübəsi" mövzusunda çıxışı Konqresin internet saytında yerləşdirilmişdir.