AVROPA ŞURASI AZƏRBAYCAN BƏLƏDİYYƏLƏRİNİN MİLLİ ASSOSİASİYASININ YARADILMASINI DƏSTƏKLƏYİR
Avropa Şurasının eksperti Ouen Masters tədbiri açaraq demişdir ki, seminarın keçirilməsindən məqsəd Azərbaycanda yerli özünüidarə orqanlarının işinin səmərəliliyinin artırılmasına, Bələdiyyələrin Milli Assosiasiyasının yaradılmasına, eləcə də bələdiyyələrin beynəlxalq təşkilatlar və Avropa ölkələrinin yerli özünüidarə orqanları ilə əlaqələrinin inkişafına yardım etməkdən ibarətdir.
Azərbaycan Respublikası Prezidenti İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Rəhim Abbasov çıxışında belə bir tədbirin təşkilinə, Bələdiyyələrin Milli Assosiasiyasının yaradılmasındakı dəstəyə görə minnətdarlığını bildirmişdir. O demişdir ki, Avropaya sürətlə inteqrasiya edən Azərbaycan yerli özünüidarə orqanlarının işinin səmərəliliyinin artırılması üçün mühüm tədbirlər görür. Ölkəmiz Avropa Xartiyasına qoşulmuşdur və bələdiyyələrlə əlaqədar çoxlu mütərəqqi qanunlar qəbul edilmişdir. Bu sahədə Qərb ölkələrinin təcrübəsinin öyrənilməsi vacibdir və bu baxımdan Azərbaycanda Bələdiyyələrin Milli Assosiasiyasının yaradılması da təqdirəlayiq haldır.
Çıxışlardan sonra yerli və regional hakimiyyətlər arasında əməkdaşlıq, yerli hakimiyyətlərin milli assosiasiyalarının rolu, yerli və regional hakimiyyətlərlə mərkəzi hökumət arasında əməkdaşlıq və digər məsələlər ətrafında geniş müzakirələr aparılmışdır.
Tədbirdə Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Mats Lindberq, Milli Məclis Aparatının, Ədliyyə, Xarici İşlər nazirliklərinin, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də Gürcüstandan, Norveçdən və Estoniyadan olan ekspertlər iştirak etmişlər.
Seminar dekabrın 9-da öz işini davam etdirəcəkdir.