AVROPALI GƏNCLƏRİN AZƏRBAYCANA SƏFƏRİ BAŞLANMIŞDIR
Səfərin ilk günü Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (AGTMŞ) qonaqların iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Avropalı gənclər inteqrasiya yolunda” mövzusunda dəyirmi masa keçirmişdir.
Tədbirdə AGTMŞ-nin sədri, Milli Məclisin deputatı Fuad Muradov, gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək, Azərbaycan dövlətinin gənclər siyasətinin mahiyyətindən, gənclər təşkilatları və ictimai birliklərin fəaliyyətindən danışmışlar. Bildirilmişdir ki, 7 ölkənin gənclərinin bir araya gəlib aktual məsələlər ətrafında fikir mübadiləsi aparması gələcəkdə tərəflər üçün çox səmərəli nəticələr verəcəkdir.
Avropalı qonaqlar da təmsil etdikləri təşkilatların məqsəd və vəzifələri, həyata keçirdikləri layihə və proqramlar barədə məlumat vermişlər.
Avqustun 17-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti Milli Məclisin deputatları, Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin əməkdaşları ilə görüşəcəkdir. Avropalı gənclər AGTMŞ-nin və ona üzv olan qurumların ofislərində olacaq, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunduğu tarixi abidə və muzeylərə səyahət edəcəklər.