“AVROPANIN ÜRƏYİNDƏ” KİTAB-ALBOMUNUN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 81-ci ildönümünə həsr olunmuş mərasimdə Avstriya-Azərbaycan İqtisadi Birliyinin vitse-prezidenti Elşən İsmayılov çıxış edərək ulu öndərimiz Heydər Əliyevin Avstriyaya rəsmi səfərini əks etdirən kitab-albomun Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasətin tarix salnaməsinin yalnız bir hissəsi olduğunu, Avstriya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin dinamik inkişaf etdiyini göstərmiş, iki ölkənin münasibətlərində yeni mərhələnin başlanmasının, rəsmi səfər zamanı imzalanmış sənədlərin, iqtisadi, mədəni əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd etmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası informasiya resursları və texnologiyaları mərkəzinin rəhbəri Elmir Vəlizadə ümummilli liderimiz Heydər Əliyevin uğurlu xarici siyasətinin, Avropanın ən böyük dövlətləri, o cümlədən Avstriya ilə ölkəmizin əlaqələrinin inkişafında ulu öndərimizin müəyyənləşdirdiyi kursun Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin mühüm əhəmiyyətindən danışmışdır.
Kitab-albom alman və Azərbaycan dillərində çap olunmuşdur və nəfis tərtibatda çoxlu rəngli fotoşəkillərdən ibarətdir.