Avstriya Milli Şurasının ikinci prezidenti Azərbaycan parlamentində olub
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Avstriya Milli Şurasının ikinci prezidenti Karlhaynts Kopf ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Valeh Ələsgərov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi uğurlardan danışıb, ölkəmizin iştirakçısı olduğu TAP, TANAP kimi qlobal layihələrdə uğurlu iştirakından, neft-qaz sənayesinin sürətli inkişafından söz açıb.
Milli Məclis sədrinin müavini bildirib ki, son illərdə Azərbaycanla Avstriya arasında ticarət dövriyyəsinin həcmi 10 dəfə artıb. Parlamentlərarası münasibətlərin mövcud durumundan məmnunluğunu bildirən Valeh Ələsgərov dostluq qruplarının fəaliyyətini xüsusi vurğulayıb.
Sonra V. Ələsgərov qonağa Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün vəziyyəti barədə məlumat verib. Qeyd olunub ki, bəzi beynəlxalq təşkilatlar bu münaqişəyə ikili standartlardan yanaşırlar. Münaqişələrin vaxtında həll edilməməsi yeni münaqişə ocaqları yaradır.
Milli Məclis sədrinin müavini Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının əhəmiyyətini vurğulayıb, yarışlara qatılan Avstriya idmançılarına uğurlar arzulayıb.
Karlhaynts Kopf birinci Avropa Oyunlarının açılış mərasimini izləmək üçün Bakıya gəldiklərini bildirib. Qonaq açılış mərasimindən yüksək təəssürat aldıqlarını vurğulayıb, bu möhtəşəm şouya və yarışdan əvvəl avtomobil qəzasına uğrayan Avstriya idmançılarının müalicəsini diqqətdə saxladığına görə Azərbaycan Hökumətinə, xüsusilə Prezident İlham Əliyevə, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təşəkkür edib.
Avstriya Milli Şurasının ikinci prezidenti ölkələrimiz arasında münasibətlərin getdikcə inkişaf etdiyini məmnunluqla bildirib. O, Avstriya şirkətlərinin Azərbaycan iqtisadiyyatının inkişafında iştiraka xüsusi maraq göstərdiklərini deyib, münasibətlərimizin uğurlu davamı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.