Ayasofyanı üç ildə 21 milyon insan ziyarət edib
Bakı, 23 iyul, AZƏRTAC
Yenidən ibadətə açılan Ayasofya məscidi üç ildə 21 milyona yaxın ziyarətçi qəbul edib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, İstanbulun fəthinə qədər 916 il kilsə, 1453-cü ildən isə məscid kimi istifadə edilən Ayasofya 1934-cü ildən başlayaraq 86 il muzey kimi fəaliyyət göstərib.
Ayasofya məscidi 2020-ci il iyulun 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi möhtəşəm mərasimlə 86 ildən sonra ilk cümə namazı ilə yenidən ibadətə açılıb. Yerli və xarici turistlərin böyük maraq göstərdiyi Ayasofyanın qarşısında zaman-zaman yüzlərlə metr uzanan növbələr yaranır.
Məscidin imamı Bünyamin Topçuoğlunun sözlərinə görə, 2021-ci ildə koronavirus pandemiyası səbəbindən ziyarətçi sayı cəmi 1 milyon 300 min nəfər olub. 2022-ci ildə Ayasofyanı 13 milyon 600 min, bu ilin yanvar-iyun aylarında isə 6 milyon nəfər ziyarət edib. Bu say getdikcə artır. Bəziləri buraya müsəlman olmaq üçün gəlir.