MƏDƏNİYYƏT
Azadə Hüseynova: Biz Xınalığın infrastruktur və turizm potensialını daha da inkişaf etdirməyə çalışırıq
Quba, 14 oktyabr, Emil Məlikov, AZƏRTAC
Xınalıq kəndinin ən böyük problemlərindən biri yaşayış sakinlərinin evlərinin qəzalı vəziyyətdə olduğu üçün buranı tərk etmək məcburiyyətində olmaları idi ki, bu da əsas problemlərindən biri idi. Bu səbəbdən də biz ilk olaraq Xınalıqda olan evlərin bərpasından başladıq ki, onlar öz doğma yurd yerləri olan Xınalığı tərk etməsinlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib.
Digər bir problemin buranın əhalisi arasında məşğulluqla bağlı məsələnin olduğunu vurğulayan agentliyin sədr müavini deyib: "Bildiyimiz kimi, bu insanların əsas məşğuliyyəti maldarlıqdır və buna görə də onlar yaylaqlara, qışlaqlara gedirlər. Amma digər aspektdən yanaşanda, Xınalıq sakinlərinin həyatını yaxşılaşdırmaqdan ötrü biz buranın turizm potensialını daha da inkişaf etdirməyə çalışırıq. Turizm də bildiyiniz kimi, iqtisadiyyatın əsas məşğulluq yaradan tərəflərindəndir. Bu səbəbdən də evlərin bərpası Xınalığın arxitekturasının qorunması ilə yanaşı, turizmin inkişafına da şərait yaradacaq. Turistlərin bura axını da Xınalıq kəndinin iqtisadi cəhətdən inkişafına şərait yaradacaq. Bərpa prosesinin özü belə burada olan məşğulluq problemini aradan qaldırmış olur. Onu da vurğulamaq istərdim ki, ərazidə çalışan bərpa şirkətinin işçilərinin demək olar ki, 70 faizi Xınalığın yerli əhalisindən ibarətdir, çox kiçik hissəsi də qonşu kəndlərdəndir, onlar da milli-mənəvi dəyərlər baxımından Xınalığa bağlı kəndlərdir. Burada olan digər problem isə su-kanalizasiya ilə bağlıdır ki, biz hazırda əlaqədar qurumlarla birgə bununla da bağlı işlər görürük. Ümumilikdə bu kimi sosial-infrastruktur problemlərin həlli birbaşa Xınalıq sakinlərinin həyat şəraitlərinin yaxşılaşdırılmasına yönəlmiş amildir".