Azərbaycan Ağsaqqallar Şurası Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş regional konfrans keçirib
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Ağsaqqallar Şurası Gədəbəy rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş növbəti regional konfrans keçirib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfransda müasir Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov çıxış edərək Ulu Öndər Heydər Əliyevin xatirəsinin bütün ölkəmizdə böyük ehtiramla anıldığını deyib. Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışan O.Mürsəlov onun ağsaqqallara və ziyalılara göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. O, Ulu Öndərin uzaqgörən siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Sonra çıxış edən Şəmkir, Gəncə, Samux Daşkəsən, Gədəbəy Ağsaqqallar şuralarının sədrləri, habelə şəhid ailələrinin üzvləri, qazilər, rayon ağsaqqalları və digərləri müstəqil Azərbaycanın Ümummilli Lideri və müdrik rəhbəri Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıblar.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov konfrans iştirakçılarına bildirib ki, xalqımız yeni minilliyə məhz Ulu Öndər Heydər Əliyevin dərin zəkasının işığında qədəm qoyub. Bu gün davamlı inkişaf yolunda uğurla irəliləyən qüdrətli Azərbaycan Ümummilli Liderimizin həyat amalının təntənəsi, şah əsəridir.
Sonda xatirə fotosu çəkdirilib.