Azərbaycan ailəsi ona görə müqəddəsdir ki, millətimiz üçün qəhrəmanlar yetişdirib – Mehriban Vəliyeva

Bakı, 15 may, AZƏRTAC
Möhkəm və sağlam əsaslar üzərində qurulan ailələrin olduğu cəmiyyətlər daha monolit və güclü olur. Bu baxımdan Azərbaycan ailəsi uzunömürlülüyü və möhkəmliyi ilə dünyaya gözəl nümunədir. Dövlətimiz bu modelin qorunub saxlanılması üçün müxtəlif siyasi və sosial proqramlar hazırlayıb həyata keçirir. Nəticədə Azərbaycan ailəsində böyüyən hər bir övlad təhsilə, elmə, zəhmətə önəm verir, vətənpərvər, xalqına və dövlətinə bağlı olur. Zərərli ideologiyaların, təhlükəli həyat tərzinin təbliğ olunduğu bir dövrdə gənclərimizin bu təsirlərdən qorunması, milli kimliklərini unutmamaları ailədən gələn və məktəbdə davam edən düzgün tərbiyənin nəticəsidir. Bu gün Azərbaycanda sosial müxtəlifliyə baxmayaraq, hər bir ailə övladının yüksək təhsil alması, peşə sahibi olması üçün maraqlıdır. Bu isə cəmiyyət olaraq bizim üstün cəhətimizdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, ailə qlobal hücumlara qarşı ən güclü istehkam, ictimai strukturdur: “Azərbaycan ailəsi həm də ona görə müqəddəsdir ki, millətimiz üçün qəhrəmanlar, canından keçməyə hazır olan igidlər yetişdirib. Azərbaycanda ailə qanunvericiliyi ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət əsasında qurulmasını nəzərdə tutur. Ölkəmizdə ailə münasibətlərinin hüquqi əsaslarının təkmilləşdirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, sosial rifahın gücləndirilməsi sahəsində qətiyyətli addımlar atılıb. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir”.
Mehriban Vəliyeva bildirib ki, müasir Azərbaycan dövlətinin ailə siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: “Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndər bu dəyərlərin qorunmasının vacibliyini bütün çıxışlarında xüsusi vurğulayıb. Onun və həyat yoldaşı, görkəmli alim Zərifə xanım Əliyevanın uğurlu ailə modeli nümunəvi xarakter daşıyır. Bu modelin əsasını sevgi, möhkəm dəyərlərə bağlılıq, xalqa və vətənə sədaqət təşkil edir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət və qayğı ilə yanaşırlar. Onların timsalında ailə, xalq və dövlətçilik bağlarının inkişafı böyük bir məktəbdir və gənc nəslə nümunə olacaq örnəkdir. Prezident hər çıxışında ailə və məktəbin gənclərin tərbiyəsindəki rolunu xüsusi vurğulayır”.
Mehriban Vəliyeva qeyd edib ki, ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu və genofondumuzun daşıyıcısıdır: “Tarixi köklərə, mənəvi dəyərlərə bağlılıq ailədən qaynaqlanır. Qonaqpərvərlik, dürüstlük, övlada qayğı, valideynə hörmət, xeyirxahlıq, torpağa və xalqa bağlılıq, tolerantlıq Azərbaycan ailəsinin zəngin xüsusiyyətlərindəndir. Azərbaycan ailəsi milli adət-ənənələri yaşatmalı, övladlarımız milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmalıdırlar. Cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır. Ailə institutu dəyişən dünyanın təsirlərindən özünü qorumalıdır. Dövlət olaraq milli ailə modelinin inkişafı üzərində işləməliyik. Ailə kiçik bir dövlətdir. Hər bir ailə möhkəm olarsa, cəmiyyət də mükəmməl olar. Sağlam ailə – sağlam nəsil, sağlam millət deməkdir. 44 günlük Vətən müharibəsində şücaət göstərən igidlərimiz güclü dəyərlər üzərində qurulmuş ailələrdən çıxan övladlarımızdır. “Şəhid ailəsi” anlayışı ailə, xalq və vətən bağlarının dəyər olaraq yaşamasının rəmzidir. Bu səbəbdən onlar daim diqqət, qayğı, sevgi və hörmətlə əhatə olunurlar”.