AZƏRBAYCAN BAŞ NAZİRİNİN GÜRCÜSTANA SƏFƏRİ
Avqustun 16-da Batumidə Azərbaycanın Baş naziri Artur Rasizadə ilə Gürcüstanın Baş naziri Zurab Noğaidelinin təkbətək görüşü keçirilmişdir.
Sonra iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının növbəti iclası açılmışdır. Gürcüstan Baş naziri Azərbaycan Respublikasının nümayəndə heyətini Acarıstanın paytaxtında salamlamaqdan məmnunluq duyduğunu vurğulamış, iki ölkə arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın getdikcə yeni vüsət aldığını bildirmişdir. O, qlobal layihələrin Gürcüstan ərazisindən keçməklə reallaşmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əlyevin əvəzsiz xidmətlərini hörmətlə xatırlatmışdır.
Azərbaycan Baş naziri Artur Rasizadə nümayəndə heyətinə göstərilən səmimi qəbul üçün təşəkkür etmiş, Azərbaycan-Gürcüstan münasibətlərinin səmimi və dərin tarixi köklərə söykəndiyini, strateji tərəfdaş olan ölkələrimizin çox sahələrdə mövqelərinin üst-üstə düşdüyünü vurğulamışdır.
A.Rasizadə jurnalistlərə gürcü həmkarı ilə ticarət-iqtisadi əlaqələr, energetika, gömrük və digər məsələlər üzrə fikir mübadiləsi apardığını, Gürcüstanın Azərbaycana borcu məsələsində iki ölkənin narahatlığına səbəb olacaq elə bir məqam olmadığını bildirmişdir. O, Qars-Axalkalaki-Bakı dəmir yolunun çəkilişində Azərbaycanın qərarlı olduğunu bir daha xatırlatmışdır. O demişdir ki, komissiya üzvləri nəzərdə tutulan əksər məsələri müzakirə etmişlər və ekspertlərə bu yöndə işi davam etdirmək həvalə olunmuşdur.
Azərbaycan nümayəndə heyəti Acarıstan Dövlət Muzeyi, Batumi dəniz-ticarət limanı ilə tanış olmuş, şəhərin görməli yerlərini seyr etmişdir. Nümayəndə heyətini Acarıstan hökumətinin başçısı Levan Varşalomidze, Gürcüstan hökumətinin üzvləri müşayiət etmişlər.
Avqustun 17-də iki ölkənin baş nazirlərinin iştirakı ilə Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək, birgə sənədlər imzalanacaqdır.