AZƏRBAYCAN BƏDİİ GİMNASTİKANIN İNKİŞAFINA GÖRƏ DÜNYADA İLK BEŞ ÖLKƏ SIRASINDADIR
Bakı, 14 may (AZƏRTAC). Azərbaycanı bədii gimnastikanın inkişaf səviyyəsinə görə ilk 5 ölkə sırasına aid etmək olar.
Bu sözləri Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Dimitrios Dimitropulos Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən mətbuat konfransında bildirmişdir.
Ölkəmizdə idmanın bu növünün yüksək inkişafında Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti Mehriban xanım Əliyevanın böyük əməyi olduğunu vurğulayan qonaq ölkəmizin son 5-6 ildə çox yüksək nəticələr əldə etdiyini diqqətə çatdırmışdır. Onun sözlərinə görə, bu gün bir çox ölkələr Azərbaycanla ayaqlaşmağa çalışır.
O demişdir ki, biz hər il Bakıda belə səviyyəli yarışların keçirilməsini istərdik, Azərbaycan hər mənada fantastik ölkədir.
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov ölkəmizin Avropa çempionatına çox ciddi hazırlaşdığını bildirərək, gimnastikanın inkişafı üçün çox ciddi işlərin görüldüyünü vurğulamışdır. Bu gün rayonlarda idmanın bu növünün diqqət mərkəzində olduğunu deyən A.Həsənov Bakı ilə yanaşı, Dəvəçi, Gəncə, Sumqayıt və Balakəndə gimnastika məktəblərinin fəaliyyət göstərdiyini söyləmişdir.
UEG-in bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Hayde Bruneder Bakıda keçiriləcək Avropa çempionatının ən yaxşı səviyyədə təşkil olunacağını bildirmişdir. “Əminəm ki, bu yarış 2 il əvvəl Bakıda keçirilmiş qitə çempionatından daha yüksək təşkilatçılığı ilə seçiləcəkdir”.
Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyeva yetirmələrinin çıxışına böyük ümid bəslədiyini söyləmişdir. “Biz yüksək nəticələr qazanmağa çalışacağıq. Bu yarışa çox ciddi hazırlaşmışıq. Hazırda Azərbaycan yığmasının heyətində güclü gimnastlar var. Komandamızın iki lideri - həm Aliyə Qarayeva, həm də Anna Qurbanova son zamanlar uğurlu çıxış edir və biz onlara böyük ümidlər bəsləyirik”.
Xatırladaq ki, mayın 15-17-də Bakıda keciriləcək bədii gimnastika üzrə 25-ci Avropa çempionatında 32 ölkədən 186 idmançı iştirak edəcəkdir.
######
