AZƏRBAYCAN CİZGİ FİLMLƏRİ TOPLUSUNUN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Muzey Mərkəzində Azərbaycan cizgi filmləri toplusunun (DVD) təqdimatı olmuşdur.
Nazir Əbülfəs Qarayev məktəbliləri və valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik etmiş, uğurlar arzulamışdır. O vurğulamışdır ki, son illər respublikamızda çoxlu yeni məktəb tikilmiş, əsaslı təmir olunmuşdur. Bu işdə YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır. Hazırda təqdimatını keçirdiyimiz Azərbaycan cizgi filmləri toplusu (DVD) da məhz Heydər Əliyev Fondu ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi sayəsində gerçəkləşmişdir. Nazir Azərbaycan cizgi filmlərinin DVD variantının hazırlanmasında əməyi olanların hamısına təşəkkürünü bildirmişdir.
“Azanfilm”in direktoru Elçin Axundov cizgi filmləri toplusunun DVD variantının hazırlanmasını ölkəmizin mədəni həyatında əlamətdar hadisə adlandırmış, layihəni reallaşdıranlara minnətdarlığını bildirmişdir.
Məlumat verilmişdir ki, Azərbaycan animasiyasının 75 illiyi münasibətilə işıq üzü görən DVD disklərinə müxtəlif illərdə çəkilmiş və mütəxəssislərin səyi ilə Azərbaycan dilində bərpa olunmuş 9 film daxil edilmişdir. 1000 tirajla buraxılmış disklər məktəblərə, uşaq bağçalarına, televiziya kanallarına paylanacaqdır.
Belə layihələr gələcəkdə də həyata keçiriləcəkdir.
Təqdimat mərasimində Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının məşhur “Cücələrim” ansamblı və Xətai rayonundakı 3 saylı “Azəri” vokal qrupu mahnı və rəqslər ifa etmişlər.