Azərbaycan cüdoçuları Tbilisi Qran-pri yarışlarının ilk günündə məğlubiyyətlə üzləşiblər
Tbilisi, 25 mart, AZƏRTAC
Martın 25-də Tbilisi şəhərində cüdo üzrə beynəlxalq Qran-pri yarışı başlayıb. Yarışların ilk günü Azərbaycan idmançıları üçün uğursuz olub. 48 kiloqram çəki dərəcəsində çıxış edən yeganə xanım idmançımız Aişə Qurbanlı britaniyalı idmançı ilə tatami üzərində mübarizədən məğlub ayrılıb. 60 kiloqramda çıxış edən Elbrus Zamanov da ilk görüşdə Ukrayna təmsilçisinə məğlub olub. Digər idmançımız Vüqar Şirinli (60 kq) birinci qarşılaşmada belaruslu güləşçini məğlub edib. İkinci dəfə tatami üzərinə çıxan E.Zamanov Türkiyə idmançısına uduzub.
Martın 26-da isə 73, 81 və 90 kiloqram çəki dərəcələrində beş Azərbaycan idmançısı tatami üzərinə çıxacaq.
Martın 27-də isə Avropa, dünya və digər nüfuzlu beynəlxalq idman yarışlarında qızıl medallar qazanmış Elmar Qasımov (100 kq), Elxan Məmmədov (100 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizəyə qoşulacaqlar.
Üç gün davam edəcək reytinq xarakterli və Olimpiya yarışına seçim statuslu turnirdə 71 ölkədən 400-dən çox idmançı birincilik uğrunda mübarizə aparacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi