“AZƏRBAYCAN DEPUTATLARI RUSİYANIN DÖVLƏT DUMASINDA (1906-1917-Cİ İLLƏR)”
Kitabda XX əsrin əvvəllərində Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslər öz əksini tapmışdır. İri sahibkarlar təbəqəsinin formalaşması fonunda milli şüurun oyanışı, xalqın yüksək təhsil görmüş aparıcı ziyalıları tərəfindən azadlıq və müstəqillik ideyalarının tərənnümü və cəmiyyətə aşılanması məsələlərinin geniş aspekti nəzərdən keçirilir. Məhz Rusiya imperiyasının bütün zümrələrini, bölgələrini, guşələrini bürümüş mövcud üsuli-idarədən narazılıq, ucqarların əhalisinə qarşı açıq-aşkar ayrı-seçkilik siyasətinin doğurduğu kəskin etirazlar çar Rusiyasını ali nümayəndəli orqan kimi Dövlət Dumasını təsis etməyə vadar etmişdi.
Dövlət Dumasına keçirilən seçkilərdə Azərbaycan cəmiyyətinin ən parlaq nümayəndələri Dumaya üzv seçilərək xalqın iradəsini, haqlı tələblərini ali orqanın yüksək tribunasından bütün imperiyaya bəyan etmiş, bu tələblərin arxasında durmuşdular. Azərbaycan nümayəndələri Rusiya parlamentarizminin təşəkkülündə və inkişafında yaxından iştirak edərək parlament fəaliyyətində qiymətli təcrübə qazanmışdılar. Bu təcrübə onlara öz səylərini birləşdirərək qısa müddətdə Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa imkan vermişdir. Milli azadlıq hərəkatının liderləri müstəqil dövlətin rəhbər orqanlarına başçılıq edərək, dövlət hakimiyyətinin ilk addımlarından hələ uğrunda Dövlət Dumasının tribunasından ardıcıl surətdə və inadla mübarizə apardıqları ideyaları həyata keçirməyə başlamışlar.
Nəfis şəkildə çapdan çıxmış miniatür kitabda Rusiyanın Dövlət Dumasında fəaliyyət göstərmiş Azərbaycan deputatlarının fotoşəkilləri, illüstrasiya materialları verilmişdir. Kitab 300 nüsxə tirajla buraxılmışdır.