Azərbaycan diasporunun ağsaqqalı
Kiyev, 23 iyul (AZƏRTAC). Azərbaycan diasporunun ağsaqqalı - Ukraynada yaşayan həmvətənlərimiz bu günlərdə Lvovda ömrünün 90-cı ilində vəfat etmiş tibb elmləri doktoru, professor, Ukraynanın Əməkdar Elm Xadimi Məmməd Cəfərovu məhz belə xatırlayacaqlar.
Ukrayna Milli Elmlər Akademiyası “Ukraynanın müasir ensiklopediyasının” yeddinci cildində bakılı M.Cəfərova xüsusi yer ayırmışdır. M.Cəfərov Ukraynanın qərb bölgəsində - Lvov şəhərində ilk Dövlət Bədən Tərbiyəsi İnstitutunun (LDBTİ) yaradılmasına kömək göstərməsi üçün 1946-cı ildə Azərbaycandan bu ölkəyə dəvət olunmuşdur.
Ukraynanın əməkdar bədən tərbiyəsi və idman xadimi, əmək və idman veteranı, Böyük Vətən müharibəsi iştirakçısı Məmməd müəllim son vaxtlara kimi həmin institutda işləmişdir. Həmkarları, aspirantlar və tələbələr onu pedaqoji əməyin canlı əfsanəsi adlandırırdılar.
Professor M.Cəfərov idman elminə böyük töhfə vermişdir. Onun elmi əsərləri fiziki hərəkətlərin döş və qarın boşluqları orqanlarına təsirinin, fiziki hərəkətlər zamanı skelet əzələlərinin funksiyasının tədqiq edilməsinə, idman texnikasının təkmilləşdirilməsi üçün cihazların işlənib hazırlanmasına həsr olunmuşdur. Təlim və məşq prosesində hələ də onun təcrübəsindən istifadə edirlər.
SSRİ İdman Komitəsi onu doqquz dəfə dövlət imtahan komissiyasının (Kiyev, Bakı, Moskva və s.) sədri təyin etmişdir. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda metodiki-təlim işinin təşkil edilməsinə və keyfiyyətinə əhəmiyyətli töhfə vermişdir. Bu da respublikanın rəhbəri, ümummilli lider Heydər Əliyevin diqqətindən yayınmamış və sonradan onların şəxsi görüşünü labüd etmişdir. M. Cəfərov Bakıda Dünya azərbaycanlılarının bütün qurultaylarının iştirakçısı olmuşdur.
Onun qızı Cəvahir Haşımova Knyaz Lev adına birinci Lvov kliniki xəstəxanasının baş həkimidir. O, Ukraynada ilk ailə təbabəti ambulatoriyalarının və poliklinikalarının əsasını qoymuşdur.
Əlamətdar haldır ki, bir azərbaycanlı ailəsini təmsil edən ata və qız Ukrayna xalqının rifahı naminə çəkdikləri zəhmətə görə bu ölkənin Prezidentinin fərmanları ilə yüksək ada - Ukraynanın əməkdar xadimi adına layiq görülmüşlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev