CƏMİYYƏT
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Mübariz İbrahimovun heykəlinin açılışı olub
Bakı, 4 oktyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
“Azərbaycanın Milli Qəhrəmanı” adına 22 yaşında layiq görülmək hər kəsə nəsib olmur. Mübariz İbrahimov qısa ömür yaşasa da, canını Vətən yolunda fəda edərək özündən sonra böyük şəhidlik nümunəsi qoyub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Azərbaycanın Milli Qəhrəmanı” Mübariz İbrahimovun heykəlinin açılışına həsr olunmuş “Qəhrəmanlar ölməz - Vətən bölünməz!” adlı tədbirdə səslənib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin ölkəmizin mənafeyi, ərazi bütövlüyü və müstəqilliyinin təmin edilməsi uğrunda fədakarlığının təbliği” layihəsi çərçivəsində “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər” İctimai Birliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən təşkil olunub.
Əvvəlcə dövlət himni səsləndirilib, xalqımızın ümummilli lideri Heydər Əliyevin, Milli Qəhrəman Mübariz İbrahimovun və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin rektoru Mustafa Babanlı çıxış edərək Mübariz İbrahimovun həyatından və Vətən uğrunda göstərdiyi şücaətdən söz açıb. Bildirib ki, hər bir azərbaycanlı onun mübarizliyi ilə fəxr edir. O, öz şərəfli ölümü, qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut edib.
Mübariz İbrahimovun igidliyindən danışan, şəhidliyin ən uca zirvə olduğunu vurğulayan Milli Məclisin deputatı, Əməkdar Jurnalist Elmira Axundova deyib ki, Mübariz ölümün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut edib.
“Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun həyatı və hərbi fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə Prezident İlham Əliyevin Sərəncamı ilə Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Dövlətimizin başçısının digər bir Sərəncamı ilə Milli Qəhrəmanın xatirəsi əbədiləşdirilib, Biləsuvar şəhərindəki Lisey-Məktəb Kompleksi, eyni zamanda, rayonun mərkəzi küçələrindən biri onun adını daşıyır.
Mübariz İbrahimovun heykəlini hazırlayan heykəltəraş Vüqar İmanquliyev bu əsərinin onun diplom işi olduğunu bildirib.
Sonda “Azərbaycanın Milli Qəhrəmanı” Mübariz İbrahimovun heykəlinin açılışı olub.