SİYASƏT
Azərbaycan Dövlət Pedaqoji Universitetində Dövlət Müstəqilliyi Günü qeyd olunub
Oktyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dövlət müstəqilliyimizin bərpasının 23-cü ildönümü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən “dəyirmi masa”da əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Universitetin tərbiyə işləri üzrə prorektoru, professor Rafiq Baxşəliyev kollektivi əlamətdar gün münasibətilə təbrik edib, xalqımızın ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyini bərpa etməsini mühüm tarixi hadisə kimi dəyərləndirib. O, müstəqilliyimizin möhkəmlənməsində və milli dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayaraq, bu böyük şəxsiyyətin rəhbərliyi altında Azərbaycanın tarixi nailiyyətlərə imza atdığını söyləyib.
Bildirilib ki, 1991-ci ildə Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa edib. Oktyabrın 18-də respublika Ali Sovetinin qəbul etdiyi “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına dekabrın 30-da ümumxalq səsverməsi - referendum yolu ilə hüquqi təminat yaradılıb. Yalnız 1993-cü il iyunun 15-də Ümummilli Lider respublikamızda ali siyasi hakimiyyətə qayıtdıqdan sonra, onun böyük uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində Azərbaycanın əsl müstəqilliyi təmin edilib. Bu gün dahi liderimizin müdrik siyasi kursu onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.
Tədbirdə, həmçinin dövlətimizin müstəqilliyini qoruyub saxlamaq yolunda xarici təzyiqlərə məruz qaldığı, dövlət çevrilişinə cəhdlər göstərildiyi, lakin bütün bunların qarşısının alındığı vurğulanıb. Bildirilib ki, müstəqillik illərində Azərbaycan inkişaf yoluna çıxarılıb və suveren dövlət kimi dünya birliyində özünə layiq yer tutub.
“Dəyirmi masa”da universitetin Azərbaycan tarixi kafedrasının professoru, Əməkdar Müəllim Xəlil Köçərli “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümü” mövzusunda məruzə ilə çıxış edib.
Məruzə və çıxışlarda iftixar hissi ilə qeyd edilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki regionun, hətta dünyanın sürətlə inkişaf edən, müstəqil daxili və xarici siyasəti ilə tanınan dövlətinə çevrilib.