Azərbaycan Dövlət Pedaqoji Universitetində “#VİKİADPU” layihəsinin açılışı olub
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsil Könüllüləri İctimai Birliyinin və “Qorqud” Vikipediya Metodiki Klubunun əməkdaşlığı ilə ali məktəbin 100 illiyi münasibətilə tələbələr üçün təşkil edilən könüllü “Vikipediya” təlimləri layihəsi olan “#VİKİADPU”nun açılış mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev bu təşəbbüsün çox vacib və aktual olduğunu, universitet rəhbərliyinin bu cür layihələrə daim dəstək verdiyini söyləyib. Prorektor “Vikipediya” üzrə təlim kursunun əhəmiyyətindən söz açıb və onun informasiya məkanında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına töhfə verəcəyinə əminliyini bildirib. Qeyd edib ki, ADPU Təhsil Könüllüləri İctimai Birliyinin bu layihəsi “Vikipediya” fəaliyyətinin ali məktəblərdə yayılması baxımından önəmli addımdır. Təlim kursunda iki paralel sessiyada ümumilikdə 50 nəfərdən çox tələbə və müəllim iştirak edəcək.
“Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib ki, bu sahədə hazırda gənclərlə çox ciddi layihələrin icrasına başlanılıb. ADPU-nun da bu cür təşəbbüslə çıxış etməsi olduqca təqdirəlayiqdir. O, “Vikipediya” sahəsində son illər ərzində xeyli işlər görülməsinə baxmayaraq hələ də bu qlobal virtual ensiklopediyada kifayət qədər işlərin görülməli olduğunu bildirib. Qeyd edib ki, bunun üçün isə gənclərin fəal olması olduqca vacibdir. Vətən müharibəsi və Qələbəmizin təbliği baxımından qlobal informasiya məkanında əsaslı məlumatların yerləşdirilməsi ən önəmli məsələlərdəndir.
Sonra “Qorqud” Vikipediya Metodiki Klubunun təlimçisi iştirakçılarla ilkin söhbətlər aparıb, onların suallarını cavablandırıb.