AZƏRBAYCAN DÖVLƏT XƏZƏR DƏNİZ GƏMİÇİLİYİNİN RƏİSİ AYDIN BƏŞİROVUN ÇIXIŞI
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Bu gün gəmiçiliyin işçiləri üçün ikiqat bayramdır. Biz ümummilli liderimiz, müasir Azərbaycan dövlətçiliyinin banisi, müstəqil respublikamızın memarı möhtərəm Heydər Əliyevin adını daşıyan yeni tankerin istismara buraxılması mərasimində iştirak edirik. Mərasimdə ölkə rəhbərinin, hörmətli Prezidentimiz cənab İlham Əliyevin iştirakı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə və bütün dənizçilərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu, bir daha sübut edir ki, hörmətli Prezidentimiz dünya şöhrətli Heydər Əliyevin siyasətinin, Heydər Əliyev xəttinin layiqli davamçısıdır. Gəmiçiliyin kollektivi həmişə ümummilli liderimizin xüsusi münasibətini, xüsusi qayğısını hiss etmişdir.
Hamıya yaxşı məlumdur ki, 1990-cı illərin əvvəllərində müəyyən qüvvələr Azərbaycanın Xəzərdəki mövqelərini zəiflətmək məqsədi ilə Gəmiçiliyi parçalamağa cəhd göstərirdilər. O vaxt məhz möhtərəm Heydər Əliyevin qətiyyəti respublika üçün strateji əhəmiyyət daşıyan dəniz nəqliyyatını qoruyub saxlamağa imkan verdi. Bəli, ümummilli liderimizin uzaqgörən, düşünülmüş siyasəti nəticəsində nəinki donanmamızı qoruduq, həm də onu genişləndirdik.
2002-ci ildə “Maestro Niyazi”, 2003-cü ildə “Professor Əziz Əliyev”, “Cəlil Məmmədquluzadə” gəmilərini aldıq. “Mühəndis Mustafa Əli” sudaşıyan gəmisini modernləşdirərək, tankerlərin cərgəsinə daxil etdik. İndi isə Xəzər dənizində ən iritonnajlı, 13200 ton yükgötürmə qabiliyyətinə malik, nəqliyyat donanmamızın flaqmanı sayılan “Prezident Heydər Əliyev” tankerini sevinclə, ruh yüksəkliyi ilə qarşılayırıq.
Həmin tipdən olan “Babək” tankerinin tikintisi cədvəl üzrə bu ay sona yetəcəkdir. Gəmiçiliyin sifarişinə əsasən, hazırda üçüncü tankerin də inşası uğurla davam edir. Üçüncü tankerlə yanaşı, 2005-ci ildə 5 min tonluq bir quru yük daşıyan gəmi, 2006-cı ildə isə “Prezident Heydər Əliyev” tankeri tipli daha 2 tanker alınacaqdır. Beləliklə, 13 min tonluq tankerlərin sayı beşə çatacaqdır.
İndi kollektivimizin qarşısında bir çox məsuliyyətli məsələlərin həlli durur. Bu, ilk növbədə, ümummilli liderimizin əsasını qoyduğu və gerçəkləşdirdiyi nəhəng planlar, o cümlədən Azərbaycanın neft strategiyasını müəyyənləşdirən “Əsrin müqaviləsi”, tarixi İpək yolunun bərpası və nəhayət, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istismara verilməsi ilə bağlıdır. Həmin kəmərin işləməsi Orta Asiya regionundan xam neft nəqlinin artmasına müsbət təsir göstərəcəkdir. Bu da öz növbəsində, tanker donanmasının işlə təmin olunmasında ciddi rol oynayacaqdır. Odur ki, Gəmiçiliyin kollektivi öz işinə daim məsuliyyətlə yanaşır, mövqelərini daha da möhkəmləndirmək, yeni nailiyyətlər əldə etmək haqqında düşünür.
Əlbəttə, Gəmiçiliyin qarşısında görüləsi işlər, aradan qaldırılası problemlər də var. Amma mövcud çətinliklərə baxmayaraq, kollektivimiz Azərbaycana sözdə deyil, işdə xidmət edir və onların öhdəsindən inamla gəlməkdə qətiyyətlidir. Bu inam isə hər şeydən əvvəl, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi Heydər Əliyev siyasi xəttinə arxalanır.
“Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi haqqında” Azərbaycan Prezidentinin 2003-cü il 24 noyabr tarixli Fərmanının icrası ilə əlaqədar kompleks tədbirlər proqramı həyata keçirilir. Belə ki, işçilərimizin aylıq maaşları ləngimədən ödənilməklə yanaşı, vaxtaşırı artırılır. Təzə alınan gəmilər və istifadəyə verilən obyektlər hesabına yeni iş yerləri açılır. Hesabat dövrü ərzində 180 yeni iş yeri açılmış, “Yaxt-klub” idman kompleksinin tikintisi başa çatdırılmışdır.
Möhtərəm cənab Prezident!
Gəmiçiliyin kollektivi adından Sizi əmin edirəm ki, bundan sonra da mövcud imkanlardan bacarıqla bəhrələnəcək, etimadı doğrultmağa çalışacaq, ümummilli liderimizin müəyyən etdiyi yolla irəliləyərək, doğma Azərbaycanımızın tərəqqisi naminə var qüvvəmizi sərf edəcəyik.
Diqqətinizə görə çox sağ olun!