AZƏRBAYCAN ƏSRLƏR BOYU TOLERANT ÖLKƏ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, oktyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda avstriyalı şərqşünas alim, ermənilərin törətdikləri soyqırımların tədqiqatçısı Erik Fayql ilə görüş keçirilmişdir.
İnstitutun direktoru professor Rövşən Mustafayev bildirmişdir ki, ermənilər təkcə Azərbaycan xalqına qarşı deyil, dağ yəhüdiləri, türklər, almanlar və gürcülərə qarşı da soyqırımı həyata keçirmişlər. O qeyd etmişdir ki, institutun əməkdaşlarının apardığı araşdırmalar nəticəsində 1918-ci ildə ermənilərin Quba və Oğuzda dağ yəhudilərinə qarşı törətdikləri vəhşiliklərlə bağlı bir neçə fakt aşkara çıxarılmış, qətlə yetirilənlərin 200 nəfərinin adları dəqiqləşdirilmişdir. Bundan əlavə, gürcü alimləri ilə birgə aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bədnam qonşularımız Gürcüstan ərazisində də ağlasığmaz cinayətlər törətmişlər.
R.Mustafayev vurğulamışdır ki, ermənilərin törətdikləri soyqırımları ilə bağlı tarixi faktları araşdırmaq üçün Azərbaycan İsrail, Türkiyə, Gürcüstan, Avstriya və Almaniya alimlərindən ibarət birgə mərkəz yaradılacaqdır.
Avstriyalı alim Erik Fayql diqqətə çatdırmışdır ki, ölkələrimizin tarixində oxşar cəhətlər vardır. Avstriya da vaxtilə böyük dövlət olmuş, lakin işğallar və təcavüz nəticəsində ərazisi xeyli azalmışdır.
Azərbaycanın tarix boyu tolerant bir ölkə olduğunu və burada bütün xalqların əsrlər boyu heç bir irqi və dini ayrı-seçkiliyə məruz qalmadan sülh şəraitində yaşadıqlarını deyən qonaq bildirmişdir ki, yaxın vaxtlarda Azərbaycan tarixinə dair alman dilində kitabı işıq üzü görəcəkdir. Kitabda uzun illərdən bəri ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər, tariximizi və mədəniyyətimizi saxtalaşdırmaq cəhdləri öz əksini tapacaqdır.