REGİONLAR
Azərbaycan gəncləri elmi-texniki, idman, hərbi biliklər sahələrində böyük uğurlar qazanıblar
Ağdaş, 26 iyul, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev hakimiyyəti dövründə Azərbaycanın çiçəklənməsi və gələcək rifahı üçün uğurlu siyasət aparıb. Bu sahədə gənclər siyasəti xüsusi önəm kəsb edib. 1994-cü il iyulun 26-da yaradılan Gənclər və İdman Nazirliyi məhz bu siyasətin məntiqi nəticəsidir. Bu gün yüz minlərlə gənc vətənsevər, vətənə bağlı, Azərbaycanın inkişafı, gələcəyi üçün çalışan böyük bir qüvvə kimi formalaşıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-də başlanan və 44 gündə işğalçı erməni ordusu üzərindəki tarixi Qələbə gənc əsgər və zabitlərimizin hansı qüvvəyə malik olduğunu bir daha sübut etdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözlər Ağdaşda rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən 26 iyul - Gənclər və İdman Nazirliyinin yaradılması gününə həsr olunan tədbirdə səsləndirilib. 2-ci Qarabağ müharibəsində iştirak edən qazilərin, müharibə iştirakçılarının, fəal gənclərin də qatıldıqları tədbirin iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçəklər düzüb, Ulu Öndərə öz ehtiramlarını bildiriblər. Sonra iştirakçılar Şəhidlər xiyabanına gələrək Vətən müharibəsində həlak olan ağdaşlı gənclərin xatirəsini yad ediblər.
Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Azad Gözəlov, eləcə də digər çıxış edənlər nazirliyin yaranma tarixi barədə ətraflı danışıblar. Çıxışlarda ümummilli lider Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdikləri diqqət və qayğıdan, gənclərimizin elmi-texniki, idman, hərbi biliklər sahələrində qazandıqları böyük uğurlardan danışılıb, Vətən müharibəsindəki fədakarlıqlarından bəhs edilib.
Sonda fərqlənən gənclərə və 44 günlük Vətən müharibəsində öz sağlamlıqlarını itirən qazilərə rayon gənclər və idman idarəsinin diplom və hədiyyələri təqdim olunub.