Azərbaycan güləşçiləri “Day of children” beynəlxalq turnirində uğurla çıxış ediblər
Bakı, 23 noyabr, AZƏRTAC
Tehranda kiçik yaşlı yeniyetmə güləşçilər arasında “Day of children” beynəlxalq turniri keçirilib. Turnirdə kiçik yaşlı yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycanın yığma komandasının üzvləri də mübarizə aparıblar.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, turnirdə yunan-Roma güləşçilərimiz ikinci, sərbəst güləşçilər isə üçüncü pillədə qərarlaşıblar.
Komanda xarakteri daşıyan turnirdə yunan-Roma güləşçilərimiz qrupda İran (6:4), Türkmənistan (10:0), Tacikistan (8:2) və Qırğızıstan (8:2) yığmalarını məğlub edərək finala yüksəliblər. Finalda İranın digər komandası ilə qarşılaşan yığmamız görüşü 5:5 hesablı bərabərliklə tamamlayıb. Texniki üstünlük rəqibdə olduğundan yığmamız turnirin gümüş medalı ilə kifayətlənib.
Sərbəst güləşçilər isə İraq və Gürcüstan pəhləvanlarını 9:1 hesabı ilə məğlub edib, İran komandasına 4:6 hesabı ilə uduzaraq qrupu ikinci sırada tamamlayıblar. Bu nəticə ilə yığmamız digər qrupun ikincisi olan daha bir İran komandası ilə bürünc medal uğrunda görüşə çıxıb. Hesab 5:5 olsa da, texniki cəhətdən üstün olan komandamız görüşü qalib başa vurub və turnirin bürünc medalına yiyələnib.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov ölkəmizi təmsil edib.