AZƏRBAYCAN GÜLƏŞÇİLƏRİ DÜNYA ÇEMPİONATINDA İKİ GÜMÜŞ, BİR BÜRÜNC MEDAL QAZANMIŞLAR
Bakı, 23 sentyabr (AZƏRTAC). Danimarkanın Herninq şəhərində güləş üzrə dünya çempionatı davam edir. Azərbaycan idmançıları yarışda uğurlu çıxışları ilə diqqəti cəlb edirlər.
Dünya çempionatının ilk iki günündən sonra yığmamız iki gümüş və bir bürünc medal qazanmışdır.
Yarışın birinci günü Azərbaycan idmançısı Xetaq Qazyumov (90 kq) yalnız finalda uduzaraq gümüş medala sahib olmuşdur.
Yığmamıza növbəti gümüş medalı isə 60 kiloqram çəki dərəcəsində yarışan Zəlimxan Hüseynov qazandırmışdır.
Z.Hüseynov, ardıcıl olaraq, Tacikistan idmançısı Vitali Koryakin, ermənistanlı Artur Arakelyan, Yaponiya təmsilçisi Şoqo Maeda və özbəkistanlı Dilşad Mansurovu üstələyərək finala çıxmışdır. Həlledici mərhələdə Z.Hüseynov dünya çempionu rusiyalı Besik Kuduxova uduzaraq ikinci yeri tutmuşdur.
Azərbaycan yığmasının daha bir üzvü Şərif Şərifov (84 kq) isə bürünc medala layiq görülmüşdür.
Ağır çəkidə mübarizə aparan Əli İsayev (120 kq) isə yarışları 8-ci sırada tamamlamışdır.
Sentyabrın 23-də isə xalça üzərinə sərbəst güləş üzrə 74 kq çəki dərəcəsində yarışan pəhləvanımız Çamsulvara Çamsulvarayev çıxmışdır.
Həmin gün 48 və 55 kiloqram çəki dərəcələrində yarışan qadın güləşçilər də öz qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, qadınlardan ibarət yığma komandamızın heyətində - Mariya Stadnik (48 kq), Sona Əhmədli (55 kq), Yuliya Radkeviç (59 kq), Olesya Zamula (63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq) və Dina İvanova (72 kq) yer alıblar.
######
![]() |
![]() |

