İDMAN
AZƏRBAYCAN GÜLƏŞÇİSİ DÜNYA ÇEMPİONUDUR
Bakı, 24 sentyabr (AZƏRTAC). Azərbaycanın güləş üzrə yığma komandası Danimarkada keçirilən dünya çempionatının üçüncü günü bir qızıl və bir gümüş medal qazanmışdır.
Yığmamızın heyətində ən yüksək nəticəni qadın güləşçilər arasında mübarizə aparan Mariya Stadnik (48 kq) göstərmişdir. M.Stadnik ardıcıl olaraq Tatyana Xurnoviç (Belarus), Sara Sançez (İspaniya) və Lyudmila Baluşkaya (Ukrayna) qalib gələrək, yarımfinalda doğma baldızı, Böyük Britaniya təmsilçisi Yana Stadniklə qarşılaşmışdır. Azərbaycan güləşçisi bu görüşü də qələbə ilə başa vuraraq finalda rusiyalı Larisa Qorjak ilə üz-üzə gəlmişdir. Həlledici görüşdə Mariya Stadnik rəqibinin kürəyini yerə vuraraq dünya çempionu tituluna sahib çıxmış, Azərbaycan yığmasına ilk qızıl medal qazandırmışdır.
Sərbəst güləş üzrə yığma komandamızın üzvü Çamsulvara Çamsulvarayev (74 kq) isə gümüş medala sahib olmuşdur.
Azərbaycan pəhləvanı ilk görüşündə slovakiyalı Yakob Kaçenak, daha sonra isə Yunanıstan təmsilçisi Apostolos Taskudis, Moldova güləşçisi Aleksandr Burçan və hindistanlı Rameş Kumarı məğlub edərək finala çıxmışdır. Qızıl medal uğrunda yarışda isə Rusiya idmançısı Denis Tsarquşa uduzaraq, ikinci yerlə kifayətlənmişdir.
Xatırladaq ki, yarışların ilk iki günündə Azərbaycan idmançıları Xetaq Qazyumov (96 kq) və Zəlimxan Hüseynov (60 kq) gümüş, Şərif Şərifov (84 kq) isə bürünc medala sahib olmuşlar.