İDMAN
AZƏRBAYCAN GÜLƏŞÇİSİ “VARŞAVA KUBOKU”NU QAZANDI
Bakı, 14 avqust (AZƏRTAC). Varşavada sərbəst və qadın güləşi üzrə sayca 18-ci “Ziolkovski” və 13-cü “Varşava Kuboku” beynəlxalq turnirləri keçirilir.
İlk yarış günü kişi sərbəst güləşçilər 55, 66 və 96, qadınlar isə 48, 55, 63 və 72 kq çəki dərəcələrində qalibləri müəyyənləşdiriblər.
Azərbaycan Güləş Federasiyasından bildirmişlər ki, “Varşava Kuboku” beynəlxalq turnirində iştirak edən qadın yığmamızın lideri, 48 kq çəki dərəcəsində yarışan Mariya Stadnik keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq turnirin qalibi olmuşdur.
Mübarizəyə 1/4 finaldan qoşulan Mariya əvvəlcə finlandiyalı Savola Sarianı, daha sonra ukraynalı Lüdmila Baluşkanı, finalda isə rusiyalı Larisa Orjakı məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Təmsilçimiz Yuliya Radkeviç (55 kq) isə polşanın 2 nümayəndəsi - Margena Oroşko və Malqorjata Krujanı məğlub etdikdən sonra yarımfinalda rusiyalı üç qat Avropa çempionu Natalya Qoltsa uduzmuşdur.
3-cü yer uğrunda görüşdə isə Yuliya İtaliya təmsilçisi Valentina Minqutsiyə məğlub olaraq turniri 5-ci pillədə başa vurmuşdur.