SİYASƏT
Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı müzakirə olunmuşdur
Bakı, 6 noyabr (AZƏRTAC). Noyabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səmimi şəraitdə keçən görüşdə Baş nazir Artur Rasizadə tarixən dost və qonşu olan ölkələrimiz arasında ikitərəfli münasibətlərin müasir dövrdə daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır. O, hər iki ölkə arasında bərqərar olan iqtisadi-ticarət əlaqələrini yüksək qiymətləndirərək demişdir ki, eyni zamanda, aqrar sektorun inkişafında da müvafiq qurumların məsləhətləşmələri, təcrübə mübadiləsi mühüm əhəmiyyət kəsb edir.
Ölkəmizə səfərindən məmnunluğunu bildirən nazir Şalva Pipiya Gürcüstan hökuməti rəhbərliyinin salamlarını Azərbaycanın Baş nazirinə çatdırmışdır. O, Bakıda keçirdiyi görüşlər barədə Baş nazir Artur Rasizadəyə ətraflı məlumat vermişdir. İqtisadiyyatın bütün istiqamətləri, o cümlədən kənd təsərrüfatı sahəsində azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsinə böyük ehtiyac olduğunu vurğulayan Şalva Pipiya səfər zamanı ona göstərilən yüksək diqqət və qonaqpərvərliyə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.