Azərbaycan Gürcüstana səfər edən turistlərin sayına görə ikinci yerdədir
Bakı, 13 iyun (AZƏRTAC). Azərbaycan bu ilin ilk beş ayı ərzində Gürcüstana gedən turistlərin sayına görə ikinci yerdədir.
İyunun 12-də Gürcüstanda turizm mövsümünə rəsmən start verilmişdir. Bununla əlaqədar, Tbilisidə keçirilmiş təntənəli açılış mərasimində ölkənin bütün guşələrindən materiallar və fotoşəkillər təqdim olunmuşdur.
Bildirilmişdir ki, Gürcüstana turist axını 44 faiz artmışdır. Belə ki, 2011-ci ilin yanvar-may aylarında ölkəyə 879 065 turist gəlmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44 faiz çoxdur. Bu sahədə lider Türkiyədir (267 107 nəfər), daha sonra Azərbaycan (243 346) gəlir. Bu dövr ərzində Gürcüstana Rusiyadan 62 804, Ukraynadan 19 537 turist gəlmiş, ABŞ-dan gələn turistlərin sayı 17 faiz (8951), Şərqi Asiya ölkələrindən gələnlərin sayı isə 25 faiz (6 635) artmışdır.
Xatırladaq ki, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, ötən il Gürcüstana gələn təxminən 2 milyon turistin 498 mini Azərbaycandan olmuşdur.
Bu il turist axınının güclənəcəyinin gözlənildiyini söyləyən Turizm Departamentinin rəhbəri Maya Sidamonidze demişdir: “Biz turist marşrutlarının keyfiyyətini, habelə turist turlarından istifadə edən əcnəbi və yerli turistlərin səyahətlərini daha da yaxşılaşdırmağa imkan verən turizm infrastrukturunun inkişafı üzərində işləmişik”.