AZƏRBAYCAN İDMANÇISI DÜNYA KUBOKUNUN TƏSNİFAT MƏRHƏLƏSİ YARIŞLARI AÇILIŞ TURNİRİNİN QALİBİ OLMUŞDUR
Bakı, 8 may (AZƏRTAC). Bakıda, Dövlət Sərhəd Xidmətinin yeni istifadəyə verilmiş “Sərhədçi” Atçılıq Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş konkur üzrə Beynəlxalq Atçılıq Federasiyasının (FEİ) rəsmi turniri olan dünya kubokunun təsnifat mərhələsi statusuna malik “Heydər Əliyev kuboku” uğrunda yarışlar başlanmışdır.
Azərbaycanda ilk dəfə olaraq keçirilən və FEİ tərəfindən iki ulduz dərəcəsi verilmiş dünya kubokunun təsnifat mərhələsi yarışlarında Azərbaycan, Gürcüstan, Rusiya və Bolqarıstan idmançıları “Heydər Əliyev kuboku”na sahib olmaq uğrunda mübarizə aparırlar. Yarışlarda ölkəmizi “Sərhədçi” və “Günay” atçılıq idman klublarının, habelə Olimpiya Ehtiyatları Atçılıq İdman Məktəbinin yetirmələri təmsil edirlər.
Mötəbər beynəlxalq yarışların baş hakimi və xarici hakim, habelə kurs dizayneri və baytarlıq nümayəndəsi FEİ-nin rəsmiləridir. Yarışların baş hakimi Yelena Vilson (Qazaxıstan), hakimlər Bakar Qaçeçiladze (Gürcüstan), Nəsib İsmayılov və Vaqif Tağıyev (Azərbaycan), xarici hakim Rakşan Radpuv (İran), kurs dizayneri Vladimir Plotovdur (Rusiya).
Üç gün davam edəcək dünya kubokunun təsnifat mərhələ yarışlarının mükafat fondu Azərbaycan Respublikasının Atçılıq Federasiyası (ARAF) tərəfindən 50 min frank (46.500 ABŞ dolları) məbləğində müəyyən edilmişdir.
Mayın 8-də start götürən açılış turnirində Azərbaycan, Rusiya, Bolqarıstan və Gürcüstanı təmsil edən 11 idmançı 14 atla, mandat komissiyası tərəfindən müəyyən edilmiş və maksimal hündürlüyü 130 santimetr olan 10 maneəni 11 sıçrayışla, 66 saniyə vaxt normativində dəf etməli olmuşlar.
Son dərəcə gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda marşrutu “Çiara 245” ləqəbli atla 54,02 saniyəyə, cərimə xalsız başa vuran Azərbaycan idmançısı, “Günay” Atçılıq İdman Klubunun yetiməsi Seyid Musayev açılış turnirinin qalibi adını qazanmışdır. “Dar” ləqəbli atla maneələri 60,34 saniyəyə, cərimə xalsız dəf edən Gürcüstan təmsilçisi İvan Nurakidze ikinci, marşrutu “Qognac” ləqəbli atla 64,02 saniyəyə, cərimə xalsız keçən Azərbaycan idmançısı, “Sərhədçi” Atçılıq İdman Klubunun yetirməsi Hikmət Musayev üçüncü nəticə göstərmişlər.
Açılış turniri başa çatdıqdan sonra qaliblər mükafatlandırılmışlar. Gənclər və idman naziri qaliblərə diplom və pul mükafatları təqdim etmişdir.
Mayın 9-da turnirin maksimal göstərici mərhələsi keçiriləcəkdir.