“Azərbaycan” İES ekoloji cəhətdən sağlamlaşdırılıb, milyonlarla manatın qənaətinə nail olunub
Bakı, 29 iyun, AZƏRTAC
“Azərbaycan” İstilik Elektrik Stansiyası (İES) yenidən qurulandan sonra ekoloji cəhətdən çirkab sularının təmizlənməsi sistemi yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərenerji” ASC-nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov deyib. V.Şahmuradovun sözlərinə görə, əvvəllər mazut qarışmış sularının təmizlənməsində ciddi çətinliklər olurdu və bu da ekoloji cəhətdən problemlər yaradırdı: “Bu problemləri aradan qaldırmaq, çirkab suların təmizlənməsi üçün böyük çökdürücülər qurulurdu. Bu gün isə mazut qarışan suların təmizlənməsi üçün ciddi sistem qurulub. Həmin sistem mazut və yağlı suları tam şəkildə təmizləyərək suyu kanala buraxmağa imkan yaradır”.
ASC-nin vitse-prezidenti yenidənqurma işləri çərçivəsində qazanlarda və turbinlərdə işçi kürəklərinin də dəyişdirildiyini diqqətə çatdırıb: “Qazanın hava qızdırıcıları, daxili boruları, eyni zamanda, boruların hava yolları dəyişdirilib. Bunun faydalılıq dərəcəsinə nəzər yetirsək, İES-in ümumi faydalılığını təxminən 10-12 qram şərti yanacaqla aşağı saldıq. 2018-ci ilə qədər bu stansiya blokları 340-350 qram yanacaqla işləyirdisə, biz bu göstəricələri 330 qramdan aşağı saldıq. Nəzərə alsaq ki, stansiyanın illik enerji istehsalı təxminən 8 milyard kilovat/saatdan çoxdur, bu isə milyonlarla vəsait deməkdir”.