AZƏRBAYCAN İLƏ ABŞ GÖMRÜK XİDMƏTİ ORQANLARI ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Azərbaycan ilə ABŞ arasında bütün sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini məmnunluqla diqqətə çatdıran A.Əliyev, cari ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərinin ikitərəfli münasibətlərdə yeni mərhələ açdığını, əlaqələrin daha da dərinləşməsində mühüm rol oynadığını vurğulamışdır.
Strateji müttəfiq olan Azərbaycan ilə ABŞ arasında siyasi, iqtisadi, ticari əməkdaşlığın gömrük sahəsində də uğurlar əldə edilməsinə imkan verdiyini deyən Aydın Əliyev respublikamızda irimiqyaslı layihələrin həyata keçirilməsində ABŞ-ın rolunu yüksək qiymətləndirmişdir.
Müstəqil Azərbaycanın gömrük xidmətinin 14 ildə keçdiyi inkişaf yoluna qısa nəzər salan komitə sədri, qazanılmış nailiyyətlərin məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmiş, ulu öndərin gömrük orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətindəki müstəsna xidmətlərindən bəhs etmişdir.
Dövlət Gömrük Komitəsinin sədri istər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışmış, xüsusilə qanunvericilik bazasının möhkəmləndirilməsi, yeni Gömrük Məcəlləsinin hazırlanması istiqamətində həyata keçirilən tədbirlər barədə qonağa ətraflı məlumat vermişdir. Beynəlxalq əməkdaşlıq sferasında dünyanın ən inkişaf etmiş dövlətlərindən biri olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə xüsusi önəm verildiyini deyən komitə sədri, ölkələrimizin gömrük orqanları arasındakı mövcud əməkdaşlıqdan razılıqla söhbət açmış, eləcə də “Azərbaycan Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıq haqqında” Sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu bildirmişdir.
Ölkələrarası xarici ticarət əlaqələrinin statistikasına nəzər salan A.Əliyev, gələcəkdə potensial imkanlardan yararlanmaqla ticarət dövriyyəsinin həcminin daha da genişləndirilməsi istiqamətində konkret işlərin həyata keçiriləcəyinə əminliyini ifadə etmişdir.
İstər ixraca nəzarət sistemi, istərsə də kadr hazırlığı və təcrübə mübadiləsi baxımından ABŞ hökumətinin Azərbaycan Gömrük Xidmətinə göstərdiyi yardımlara görə təşəkkürünü bildirən komitə sədri, ötən ilin sonlarında Dövlət Gömrük Komitəsi rəsmilərindən ibarət nümayəndə heyətinin ABŞ Gömrük Xidmətinin işi ilə tanışlıq məqsədi daşıyan səfərini də xatırlamışdır. O, bu səfəri ölkələrimizin gömrük qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan növbəti uğurlu addımlardan biri kimi səciyyələndirmiş, inkişaf edən əlaqələrin qloballaşan dünyanın təhlükəsizliyinin qorunmasına xidmət etdiyini söyləmişdir.
DGK sədri ABŞ-da olarkən “FLETC” Tədris Mərkəzinin işi ilə yaxından tanış olduğunu qeyd edərək, bu mərkəzin imkanlarından yararlanmağın ümumi işə fayda verəcəyini bildirmiş və xanım Ann Dersdən birgə əməkdaşlıq çərçivəsində Azərbaycanın gömrük əməkdaşlarının bu mərkəzdə təlim keçmələri üçün yardımçı olmağı xahiş etmişdir.
Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən səfir xanım Ann Ders diplomatik fəaliyyətini Azərbaycanda davam etdirməkdən böyük şərəf duyduğunu, eləcə də ölkəmizin hərtərəfli inkişafının şahidi olduğunu vurğulamış, bunu sevindirici hal kimi səciyyələndirmişdir.
Strateji müttəfiq kimi ABŞ hökumətinin Azərbaycan ilə əməkdaşlığa çox böyük önəm verdiyini qeyd edən xanım Ann Ders, ölkələrimiz arasında istər siyasi, istərsə də iqtisadi münasibətlərin hazırkı durumundan məmnunluqla söhbət açmışdır.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri zamanı keçirdiyi əhəmiyyətli görüşlərin mövcud münasibətlərdə yeni impuls olduğunu xüsusilə vurğulamış, iqtisadi münasibətlərin inkişafı naminə Azərbaycan Gömrük təşkilatının ölkəsinin müvafiq qurumu ilə əməkdaşlığını yüksək qiymətləndirmiş, əlaqələrin daha da geniş sferanı əhatə etməsi naminə diplomatik fəaliyyəti boyunca əlindən gələni əsirgəməyəcəyini bildirmişdir. Amerikalı diplomat qeyd etmişdir ki, azərbaycanlı gömrükçülər üçün “FLETC” Tədris Mərkəzində treninqlərin təşkili məsələsini də diqqətdə saxlayacaq və bu məsələnin tez bir zamanda həlli istiqamətində konkret addımlar atılacaqdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparılmışdır.
Sonra Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ABŞ və Azərbaycan gömrük xidmətləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində böyük xidmətləri olan ABŞ-ın ölkəmizdəki səfirliyinin ixraca nəzarət və sərhəd məsələləri üzrə attaşesi Çak Hiskoku “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı ilə təltif etmişdir.