AZƏRBAYCAN İLƏ RUSİYA ARASINDA İQTİSADİ ƏMƏKDAŞLIQ İNKİŞAF EDİR
Məlum olduğu kimi, son vaxtlar Rusiya hökumətinin bir çox yüksək vəzifəli məmurları Bakıda olmuş, Azərbaycan Prezidenti Heydər Əliyev ilə görüşmüşlər. Bu görüşlər və aparılmış danışıqlar nəticəsində energetika və neft-qaz sənayesi sahəsində maraqlı, perspektivli layihələr yaranmışdır. Onların hamısı Rusiyanın kütləvi informasiya vasitələrində geniş təhlil olunur.
Məsələn, “Rossiyskaya qazeta” Andrey Yevplanovun “Bakı - yeni layihələr paketi: Rusiya və Azərbaycan ən sıx əməkdaşlıq dövrünə qədəm qoymuşlar” adlı məqaləsini dərc etmişdir. Müəllif RF hökuməti sədrinin müavini Viktor Xristenko və energetika naziri İqor Yusufovun Azərbaycana bu yaxınlardakı səfərini təhlil edərək, bunları dövlətlərimizin daha sıx iqtisadi əməkdaşlığa can atmasının, Rusiyanın Azərbaycanla bütün sahələrdə çoxlu birgə layihələr həyata keçirmək arzusunun sübutu kimi qiymətləndirir. Məqalədə bunları sübut edən faktlar da göstərilir: cari ilin altı ayı ərzində qarşılıqlı surətdə sənaye məhsulları, xalq istehlakı malları göndərilməsi, bu və ya digər məhsulun birgə istehsalı haqqında onlarca yeni saziş və müqavilələr imzalanmış, Azərbaycanın Rusiya ilə xarici ticarət dövriyyəsinin həcmi isə 240 milyon dolları ötmüşdür.
Məqalədə deyilir ki, tərəflər təkcə neft-qaz sənayesi və elektroenergetika sahəsində deyil, həm də özəlləşdirmə prosesinə dair rentabelli birgə layihələri müzakirə etmişlər. Müəllifin fikrincə, “Rusiya sərmayəçiləri üçün Azərbaycanda geniş imkanlar var”.
“Rossiyskaya qazeta”da dərc olunmuş məqalədə deyilənlərə bunları əlavə etmək olar ki, Rusiya-Azərbaycan hökumətlərarası komissiyası da əlaqələrin inkişafı üçün xeyli iş görür. Komissiya iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı və dərinləşməsi məsələlərini nəzərdən keçirir. Bu əməkdaşlıq çərçivəsində, hər iki ölkənin maraqları və iqtisadi potensialı nəzərə alınmaqla, qarşılıqlı surətdə faydalı əsasda qarşılıqlı iqtisadi fəaliyyətin səmərəli modeli işlənib hazırlanır.
Rusiya Prezidenti Vladimir Putinin 2001-ci ilin yanvarında Bakıya rəsmi səfəri və Azərbaycan Prezidenti Heydər Əliyevin 2002-ci ilin yanvarında Moskvaya dövlət səfəri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafına və genişlənməsinə böyük təkan vermişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva