Azərbaycan-Keniya parlamentlərarası əlaqələri ilə bağlı müzakirələr aparılıb
Əddis-Əbəbə, 27 sentyabr, AZƏRTAC
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Keniyaya işgüzar səfəri çərçivəsində Keniya Milli Assambleyasının sədri Castin Muturi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişafı, eləcə də hər iki ölkənin parlamentləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi ilə bağlı praktik fəaliyyətin həyata keçirilməsi məsələləri müzakirə edilib.
Keniya parlamentinin sədri iki ölkə arasında münasibətlərin inkişafı ilə bağlı həyata keçirilən müştərək səylərin əhəmiyyətini qeyd edib. O, Keniya parlamentinin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi və parlamentlərarası əlaqələrin intensivləşdirilməsi məqsədilə Azərbaycan tərəfi ilə əməkdaşlığa hazır olduğunu bildirib və xoş arzularının Azərbaycan parlamentinin rəhbərliyinə çatdırılmasını xahiş edib.
E.Abdullayev ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi baxımından böyük imkanlar olduğunu diqqətə çatdırıb və ölkəmizin Afrika ölkələri, o cümlədən Keniya Respublikası ilə ikitərəfli və çoxtərəfli əsasda sıx əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu qeyd edib.
Səfir minlərlə afrikalı tələbələrin Azərbaycanda təhsil aldığını diqqətə çatdıraraq, hazırda bu ənənənin davam etdirilməsi ilə bağlı dövlət səviyyəsində konkret proqramın həyata keçirildiyini və bir çox Afrika ölkələrinə, eləcə də Keniya vətəndaşlarına təhsil təqaüdlərinin ayrıldığını bildirib.
Diplomat, həmçinin ölkəmizin təşəbbüsü və bilavasitə iştirakı ilə regionda həyata keçirilən nəhəng nəqliyyat və enerji layihələri haqqında danışaraq, bu layihələrin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin birləşdirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Ölkəmizin hər il bir neçə mötəbər tədbirə ev sahibliyi etdiyini qeyd edən səfir cari ilin oktyabr ayında keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu haqqında məlumat verib və Forumda iştirakla bağlı Keniya tərəfinə də dəvət göndərildiyini xatırladıb. Bundan başqa, Azərbaycan parlamentinin tarixi və fəaliyyəti barədə məlumat verilib, bir neçə gün öncə parlamentin 100 illiyinin dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunduğu və həmin tədbirdə bir sıra ölkələrin yüksək səviyyədə təmsil olunduğu vurğulanıb.
Görüşdə, eyni zamanda, ikitərəfli münasibətlərin inkişafı üçün səfərlər mübadiləsinin artırılması, müqavilə-hüquq bazasının genişləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyi bildirilib, ölkələrimiz arasında ticari-iqtisadi, nəqliyyat sahələrində əməkdaşlıq üçün böyük potensialın olduğu qeyd edilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə