Azərbaycan Konqreslər Bürosu ilə Turizm İnstitutu arasında əməkdaşlıq əlaqələri genişlənir
Bakı, 21 iyul (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ilə Azərbaycan Turizm İnstitutu (ATİ) arasında əməkdaşlıq əlaqələri genişlənir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu əməkdaşlığın əsas ATİ-də keçirilən iclasda qoyulub.
Tədbirdə institutun rektoru Cəfər Cəfərov çıxış edərək bildirib ki, bu əməkdaşlıq tərəflərin hər birinə böyük fayda və təcrübə qazandıracaq. Həmçinin ölkənin turizm sektorunun inkişafına böyük töhfələr verəcək, Azərbaycanda MİCE (biznes turizmi) sektorunda ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsinə xidmət edəcək. Əməkdaşlıq sayəsində Azərbaycanda biznes turizmi sektorunda peşəkar mütəxəssislər hazırlanacaq ki, bu da öz növbəsində ölkənin MİCE turizm istiqaməti kimi təşviqində böyük rol oynayacaq.
Bildirilib ki, əldə olunan razılığa əsasən büronun əməkdaşları müntəzəm olaraq ATİ-də seminar və mühazirələr təşkil edəcək. Eyni zamanda institutun müəllim heyəti büronun işçi qrupunun iclaslarında müşahidəçi kimi iştirak edəcək və bu da onlara ölkənin və eləcə də dünyanın MİCE bazarında olan yenilik və tendensiyalar barədə daha çox məlumat əldə etməsinə imkan yaradacaq.