Azərbaycan Konqreslər Bürosunun fəaliyyət planı açıqlanmışdır
Bakı, 1 iyul (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu 2014-cü il üçün fəaliyyət planını təqdim etmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2014-cü il üçün satış və marketinq üzrə fəaliyyət planı Azərbaycan Konqreslər Bürosu və tərəfdaşlarının ölkəmizin biznes turizm məkanı kimi təbliği çərçivəsində həyata keçirəcəyi tədbirləri və qarşıya qoyulan hədəfləri müəyyənləşdirir.
Büronun hədəf bazarlarını müəyyən edən fəaliyyət planında birinci yerdə Rusiya Federasiyası durur. Tədbirlər sırasında əvvəlcə B2B MİCE (biznes turizm) tədbiri gəlir. Payız aylarında Moskvada keçirilməsi nəzərdə tutulan bu tədbir Azərbaycan Konqreslər Bürosu və tərəfdaşlarının maliyyə dəstəyi ilə baş tutacaqdır.
Azərbaycan Konqreslər Bürosu və tərəfdaşlarının maliyyə dəstəyi ilə keçiriləcək daha bir tədbir isə tanışlıq səfərləridir.
Belə səfərlərdən birincisi artıq iyunun 5-dən 8-dək Rusiyanın MİCE bazarı iştirakçıları üçün təşkil edilmişdir.
Daha bir tanışlıq səfərinin isə payız aylarında keçirilməsi nəzərdə tutulur və ölkəmizin turizm potensialının inkişafında əhəmiyyətli rol oynayan Qəbələ rayonunu da əhatə etməsi gözlənilir.
Büro noyabr ayında bir sıra nüfuzlu tədbirlərdə iştirak etməyi planlaşdırır. Bunlardan biri noyabrın 9-dan 13-dək Berlində keçiriləcək M&I Rusiya və Şərqi Avropa Forumudur. Büro noyabrda Barselonada rusiyalı alıcılara yönəlmiş işgüzar tədbirdə də təmsil olunacaqdır. Tədbir EIBTM - biznes turizmi sahəsində konfrans, seminar və görüşlərin təşkili üzrə ixtisaslaşmış aparıcı forum çərçivəsində keçiriləcəkdir.
Fəaliyyət planında ikinci hədəf bazarı kimi Türkiyə durur. Tanışlıq səfəri payız aylarında Bakıda təşkil ediləcəkdir. Payız aylarında büronun üzvləri, həmçinin İstanbula gedəcəklər. Eyni zamanda, büro iyulun 1-dən 5-dək İstanbulda M&I Avropa forumunda təmsil olunacaqdır.
Azərbaycan Konqreslər Bürosu iyulun 2-dən 5-dək Amsterdamda “İCCA Research, Sales and Marketing” Proqramı (İCCA Araşdırma, Satış və Marketinq Proqramı) və noyabrın 1-dən 5-dək Antalyada İCCA-nın 53-cü konqresində də iştirak edəcəkdir.
Büronun gördüyü işlər sırasında ölkəmizin nailiyyətlərinin və biznes turizm potensialının beynəlxalq aləmdə təbliği ilə bağlı Rusiya və Almaniyada həyata keçirdiyi reklam kampaniyaları və rüblük elektron MİCE bülleteninin hazırlanması da nəzərdə tutulmuşdur.