Azərbaycan könüllülərin Qazaxıstanda keçirilən beynəlxalq konfransında təmsil olunur
Astana, 11 aprel, AZƏRTAC
Qazaxıstanın Taraz şəhərində Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan 70 iştirakçını birləşdirən “Qlobal ünsiyyət dairəsi” adlı beynəlxalq könüllülər konfransı keçirilir. ⠀
AZƏRTAC Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbir çərçivəsində iştirakçılar könüllülük sahəsində qabaqcıl təcrübələri bölüşür, təcrübə mübadiləsi aparır, beynəlxalq əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə edirlər.
Bundan əlavə, könüllülər Dayanıqlı İnkişaf naminə Beynəlxalq Könüllülər İlinin həyata keçirilməsinə yönəlmiş bir sıra təşəbbüslər irəli sürüblər. ⠀
Konfrans Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi ilə Könüllülərin Milli Cəbhəsi tərəfindən təşkil olunub.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana