Azərbaycan-Kosta-Rika əlaqələrinin inkişaf etdirilməsi yolları müzakirə olunub
Bakı, 22 may, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun 16-cı Doha Qlobal Forumu çərçivəsində Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz ilə görüşündə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları müzakirə olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Nazir Manuel Qonzalez Sanzın 2015-ci ilin oktyabr ayında Azərbaycana rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirilib. Həmçinin Kosta-Rikanın ölkəmizdə səfirliyinin təsis edilməsinin əlaqələrin inkişafına müsbət təsir göstərəcəyi vurğulanıb.