Azərbaycan kuboku: Bu gün dörddəbir final mərhələsinin ilk görüşləri keçiriləcək
Bakı, 2 mart, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsinin ilk görüşləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, oyunların üçü paytaxtda, biri isə Lənkəranda oynanılacaq.
İlk olaraq əzəli rəqiblər - “Xəzər-Lənkəran” evdə “Neftçi”ni qonaq edəcək. Bu, prinsipial rəqiblərin kubokdakı ilk görüşü deyil. Belə ki, 2010/2011-ci il mövsümündə baş tutan ən məhsuldar oyunda “Xəzər-Lənkəran” səfər qələbəsi qazanmışdı - 4:3. Digər iki matçda qalib müəyyənləşməsə də, “Neftçi” kubok oyunlarında məğlub edə bilmədiyi rəqibini yalnız finalçının müəyyənləşdiyi penaltilər seriyasında üstələyib.
Növbəti oyunda “Qarabağ” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. Rəqiblərin yeganə kubok dueli beş il əvvələ təsadüf edir. Bir oyundan ibarət səkkizdəbir final matçında böyükhesablı qələbə qazanan “Qarabağ” (3:0) mərhələ adlayan tərəf olub.
“Zirə” və “Qəbələ” komandaları ölkə kubokunda ilk dəfə rəqib olacaqlar. Premyer Liqada uğurlu debüt edən “Zirə” kubokda da yoluna davam etməyi qarşıya məqsəd qoyub. Çempionatda ilk üçlükdə qərarlaşan “Qəbələ” də avrokubok şanslarını bir az da artırmaq üçün səfərdən sərfəli nəticə ilə dönməyə çalışacaq.
“Rəvan” və “İnter” cütlüyü də indiyədək qarşılaşmayıblar. Premyer Liqanın sonuncu pilləsində qərarlaşan “Rəvan”ın qələbə qazanacağı inandırıcı görünməsə də, “İnter” üçün avrokuboklara gedən ən asan yolun kubokdan keçdiyini demək olar.
Cavab görüşləri martın 9-da oynanılacaq.