İDMAN
Azərbaycan kuboku yarışlarının səkkizdəbir final mərhələsinin iştirakçıları müəyyənləşib
![Azərbaycan kuboku yarışlarının səkkizdəbir final mərhələsinin iştirakçıları müəyyənləşib](/files/2019/1/1200x630/15487659966520510988_1200x630.jpg)
Bakı, 29 yanvar, AZƏRTAC
Futzal üzrə Azərbaycan kuboku yarışlarının səkkizdəbir final mərhələsinin iştirakçıları müəyyənləşib.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, mübarizə 1/32 finaldan başlayıb və reqlamentə əsasən, Birinci və İkinci liqa komandaları bir-birinə rəqib olublar. Bu mərhələnin qalibləri daha sonra 1/16 finalda üz-üzə gəliblər. Yüksək Liqa iştirakçıları səkkizdəbir finaldan başlayaraq kubok oyunlarında iştirak edəcəklər.
Gərgin idman mübarizəsindən sonra “Advokat”, “Green Log”, “Standard”, “Təbriz”, “Baku Fire”, “Dalğa”, “Obolon”, “Hövsan” və “Gilan Construction” komandaları səkkizdəbir finala yüksəliblər. Yüksək Liqada mübarizə aparan komandalar - “Araz”, EKOL, “Neftçi”, “Xəzər Cənub”, “Yasamal”, “Liman” və “Yasamal İSK” mübarizəyə bu mərhələdən qatılacaqlar.
Əvvəlki 24 kubok mövsümündə 10 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox - 6 dəfə kuboku başı üzərinə qaldırıb. “Araz” 5 dəfə bu mükafata sahib olub. Digər kubok sahiblərindən EKOL 3, “Avtomobilçi”, “Azərneftyanacaq” və “Gömrükçü” hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor”, “Turan AİR”, “Fənər” və “Marafon Futsal” mövsümündə kuboku qazanıb. Maraqlıdır ki, kubokun son qalibi, eləcə də finalçı komanda cari mövsümdə iştirak etmir.