Azərbaycan külək enerjisi ehtiyatlarına malikdir
Bakı, 7 noyabr (AZƏRTAC). Azərbaycanda külək və günəş enerjisindən səmərəli istifadə üçün geniş imkanlar vardır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bu istiqamətdə həyata keçirən “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova AZƏRTAC-a bildirmişdir ki, ölkəmizin əlverişli coğrafi mövqeyi və iqlim şəraiti buna imkan verir. Ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən istifadə olunması istilik elektrik stansiyalarında yandırılan külli miqdarda yanacağa qənaət etməklə yanaşı, atmosferə buraxılan zərərli tullantıların miqdarını xeyli azaldardı.
Q.Yusubova demişdir ki, külək enerjisi qurğularının bir çox rayonlarda tətbiqinin böyük perspektivi vardır. Hesablamalar göstərir ki, coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə Azərbaycan Respublikası 800 meqavat civarında illik külək enerji ehtiyatına malikdir. Bu isə ildə 2,4 milyard kilovat/saat elektrik enerjisinə və 1 milyon tonadək şərti yanacağa qənaət etmək deməkdir. Əlverişli küləkli zonalar Abşeron yarımadası, Xəzər dənizinin sahil zolağı və akvatoriyanın şimal-qərb hissəsindəki adalardır. Bundan başqa, Gəncə-Daşkəsən zonasında və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisində küləyin orta illik sürəti saniyədə 3-5 metr olduğu üçün bu regionlarda orta güclü küləklə işləyən elektrik qurğularından istifadə etmək olar.