Azərbaycan Latviyada xeyriyyə yarmarkasında təmsil olunub VİDEO
Riqa, 25 noyabr, AZƏRTAC
Noyabrın 24-də Riqa Beynəlxalq Qadınlar Klubu (RBQK) tərəfindən Latviya Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklər üçün “23-cü RBQK xeyriyyə bazarı” (“23rd RIWK Charity Bazaar”) təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Riqanın mərkəzi “Radisson Blue” otelində keçirilən xeyriyyə-ticarət yarmarkasında Latviyada fəaliyyət göstərən diplomatik nümayəndəliklər öz guşələri ilə təmsil olunublar.
Səfirliyimizə məxsus olan guşədə Azərbaycan mətbəxinə aid milli təamlar, suvenirlər, habelə bu gün Latviya bazarında geniş yayılmış ölkəmizə məxsus milli çay, şərab, meyvə şirələri və s. ərzaq və qida məhsullarının sərgi və satışı həyata keçirilib.
Tədbirdə iştirak edən Riqa şəhər sakinləri və Latviya ictimaiyyətinin nümayəndələri Azərbaycan guşəsinə xüsusi maraq göstərib və milli stendimizin fonunda xatirə şəkli çəkdiriblər.
Tədbirin yekununda Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Riqa şəhərində fəaliyyət göstərən “Çinar” Azərbaycan Milli Rəqs Qrupunun ifasında milli rəqs nümunələri təqdim olunub.
Xüsusilə “Sarı gəlin” mahnısının sədaları altında ifa edilən milli rəqs tamaşaçıların böyük rəğbəti və alqışları ilə qarşılanıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa