Azərbaycan Pakistan paytaxtının abadlaşdırılması işlərinə kömək edir
Bakı, 19 iyul, AZƏRTAC
Azərbaycanla Pakistan arasında qarşılıqlı anlaşma Memorandumu çərçivəsində İslamabad və Bakı qardaş ölkənin paytaxtının abadlaşdırılması üzrə səylərini birləşdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın ingilis dilində nəşr olunan nüfuzlu gündəlik “The Nation” qəzeti iyulun 19-da dərc etdiyi məqaləsində yazır.
Nəşr qeyd edir ki, qarşıdan gələn abadlıq və yenidənqurma işləri Pakistanın Paytaxtın İnkişafı İdarəsinin (CDA) rəhbəri Muhammed Ali Randhava ilə Bakıdan olan bağçılıq və landşaft dizaynı üzrə ekspertlərdən ibarət nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirə olunub. Birinci mərhələdə Azərbaycandan olan mütəxəssislər dörd obyektin - ölkənin ən böyük Şrinaqar şosesi, mərkəzi Şəkərparian şəhər meydanı, paytaxtın yaxınlığındakı tarixi Səidpur kəndi və piyadalar üçün nəzərdə tutulmuş ərazi – restoranlar, yemək meydançaları və mağazalar üçün nəzərdə tutulmuş məşhur Melodiya Qida Parkının abadlaşdırılması və rekonstruksiyası işlərində iştirak edəcəklər.

Daha sonra paytaxtın digər ərazilərində də abadlıq və yenidənqurma işləri aparılacaq.
Görüşdə CDA-nın rəhbəri Muhammed Ali Randhava bildirib ki, pakistanlı mühəndislər bakılı mütəxəssislərə texniki dəstək verəcəklər. Onun sözlərinə görə, yaxın gələcəkdə görüləcək işlərin həcminin və müddətinin müəyyən edilməsi də vacibdir.
Qəzet qeyd edir ki, layihənin icrası zamanı müasir avadanlıq, alət və texnikalardan istifadə olunacaq ki, bu da Bakıdan olan mütəxəssislər tərəfindən pakistanlı mütəxəssislərə təqdim ediləcək.