AZƏRBAYCAN PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ AŞPA KOMİTƏLƏRİNİN İCLASLARINDA İŞTİRAK EDƏCƏKDİR
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 13-dən 15-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Monitorinq, Siyasi İşlər və Çeçenistan üzrə alt komitələrinin iclasları keçiriləcəkdir. Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputat qrupu iştirak edəcəkdir. Nümayəndə heyətinin tərkibinə deputatlar Bəxtiyar Əliyev və Asim Mollazadə daxildirlər.
İclaslarda Çeçenistanda, Belarusda, Kiprdə vəziyyət, həmməruzəçilərin bu il dekabrın 1-3-də Azərbaycana səfərinə dair məlumat, Ermənistanda referendumun nəticələri və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. Siyasi İşlər Komitəsinin iclasında deputat Asim Mollazadə Belarusda vəziyyətə dair məruzə edəcəkdir.
Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, Azərbaycan tərəfinin münasibətini açıqlayacaqdır.