Azərbaycan Prezidenti BMT kürsüsündən tarixi və bəşəri mesajlar verdi ŞƏRH
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış həm tarixi, həm də bəşəri məzmunu ilə diqqət çəkdi. Bu çıxış illərdir işğal məsələsini gündəmə gətirən Azərbaycanın yeni mərhələyə keçdiyini göstərdi. Tarixi baxımdan Prezident İlham Əliyevin nitqi işğal dövrü ritorikasının bitdiyini, yeni bir epoxanın başlandığını nümayiş etdirdi. Bəşəri məzmunu isə ondan ibarətdir ki, Azərbaycan lideri mürəkkəb geosiyasi bölgədə sülhün və sabitliyin əsas təşəbbüskarı kimi çıxış edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
O bildirib ki, Prezident İlham Əliyev çıxışında Ermənistanın illərlə BMT qətnamələrinə məhəl qoymamasının və beynəlxalq ictimaiyyət tərəfindən sanksiyalara məruz qalmamasının regionda gərginliyin uzanmasına gətirib çıxardığını vurğuladı. Bu fakt sülhün mürəkkəb yolunu, Azərbaycanın isə hüquqa sadiqliyini göstərir. Eyni zamanda, BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək Azərbaycanın legitim müdafiə hüququnu beynəlxalq səviyyədə əsaslandırdı.
Dövlətimizin başçısı sülhün əsas şərtini dəqiq ifadə edərək, davamlı sülhün yalnız ikitərəfli formatda və kənar müdaxilə olmadan mümkün olduğunu qeyd etdi. Bu yanaşma regionda yeni diplomatik xəttin və daha praqmatik münasibətlərin əsasını qoyur. Azərbaycan regionda qalıcı sülhün tərəfdarı kimi çıxış edərək sülh prosesinin real hədəflərə fokuslanmasının vacibliyini də vurğuladı.
“Dövlətimizin başçısının çıxışında ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin açıldığı da hiss olunurdu. BMT kürsüsündən ABŞ Prezidenti Donald Trampa təşəkkür etməsi bu əlaqələrin strateji xarakter daşıdığını bir daha göstərdi. Bununla yanaşı, Ermənistanın dağıtdığı ərazilərin bərpası, bir milyondan artıq keçmiş məcburi köçkünün “Böyük Qayıdış” proqramı çərçivəsində yerləşdirilməsi Azərbaycanın həm humanitar, həm də siyasi gücünü nümayiş etdirir.
Qlobal çağırışlara toxunan Azərbaycan Lideri ölkəmizin ədalətli və ümumbəşəri bir dünyanın tərkib hissəsi olduğunu bildirdi. COP29 tədbirinə ev sahibliyimiz və inkişaf etməkdə olan ölkələrin səsinin eşidilməsinə çağırışımız Azərbaycanın qlobal liderlik iddiasının sübutudur. Dövlətimizin başçısının çıxışı zamanı diqqətçəkən məqamlardan biri də realist baxış idi. Belə ki, Prezident İlham Əliyev real olmayan deyil, real hədəflərə fokuslanmağın vacibliyini önə çəkdi, mədən yanacaqlarsız dünyanın hazırkı mərhələdə mümkünsüzlüyünü vurğuladı.
Enerji təhlükəsizliyi məsələsinə toxunaraq, onun sülh, regional əməkdaşlıq və iqtisadi inkişafla birbaşa bağlı olduğunu qeyd etdi", - deyə A.Badamov bildirib.
Deputat əlavə edib ki, Azərbaycan qaz təminatında lider ölkə olaraq özünü əvəzolunmaz tərəfdaş kimi təqdim edir. Bununla yanaşı, ölkəmiz təkcə enerjisini deyil, münaqişədən sonra yenidənqurma təcrübəsini də paylaşır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mərkəzində yerləşərək yükdaşımalarda artım və tranzit müddətlərində azalma ilə beynəlxalq nəqliyyat qovşağına çevrilir.
Xəzərin ən böyük ticarət donanmasının, Ələt Beynəlxalq Dəniz Limanının, Bakı-Tbilisi-Qars dəmir yolunun, 9 beynəlxalq hava limanının, regionun ən böyük yükdaşıma aviaşirkətinə malik Azərbaycanın beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevrilməsi faktları hər bir azərbaycanlının ürəyini fərəh hissi ilə doldurdu. Prezident İlham Əliyevin çıxışı zamanı Xəzər dənizində ətraf mühitin qorunmasının vacibliyinə də toxunaraq, bu məsələnin gündəlikdə saxlanılmasının əhəmiyyətini vurğuladı.
Nəticə etibarilə, Prezident İlham Əliyevin BMT kürsüsündəki çıxışı Azərbaycanın qazandığı uğurları dünya ilə bölüşməyə hazır olduğunu nümayiş etdirdi. Bu nitq yalnız Azərbaycanın Qələbəsinin deyil, həm də ədalətin və beynəlxalq hüququn təntənəsinin göstəricisidir. Azərbaycan regionda müsbət meyillərin carçısı kimi yeni tarixi dövrə qədəm qoyur.