AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV 9 MAY QƏLƏBƏ BAYRAMI MÜNASİBƏTİLƏ KEÇİRİLƏN MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Böyük Vətən müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarı önünə toplaşmış müharibə veteranları, ictimaiyyətin nümayəndələri, paytaxt sakinləri Azərbaycan Prezidenti İlham Əliyevi hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev müharibə veteranlarını səmimiyyətlə salamladı, onların hər birini Qələbə bayramı münasibətilə təbrik etdi.
Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrin Bakıdakı səfirləri ilə, ölkəmizdə səfərdə olan qonaqlarla səmimiyyətlə görüşdü, onları bayram münasibətilə təbrik etdi.
Respublikamızın rəhbəri iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəbirüstü abidəsi önünə əklil qoydu, İkinci dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin, xalqımızın igid oğlunun əziz xatirəsini dərin ehtiramla yad etdi.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni əzəmətlə səsləndi.
Dövlətimizin başçısı 1941-1945-ci illərin ağır və çətin sınaqlarından keçmiş veteranlara yaxınlaşaraq, onların problemləri, qayğıları ilə maraqlandı. Veteranlar ümummilli liderimiz Heydər Əliyevin onlara göstərdiyi diqqət və qayğını xatırladaraq, onun siyasi xəttini davam etdirən ölkəmizin başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Prezident İlham Əliyev Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdi.
Respublikamızın rəhbəri hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin önündən keçdi.
Azərbaycan Prezidenti İlham Əliyev daha sonra tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə səmimi görüşdü, Qələbə günü münasibətilə onları təbrik etdi.
Mərasimdə Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.